Əliabbas Salahzadə: Tarixi ədalət bərpa edildi, işğalçı Ermənistana heç vaxt unutmayacağı dərs verildi

  Milli Məclisin deputatı Əliabbas Salahzadə  Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərinə yol açan amillərdən geniş bəhs edərək bildirib ki, döyüş meydanında Ermənistan silahlı qüvvələrini diz çökdürən, illərdir yaradılan “məğlubedilməz erməni ordusu” mifini darmadağın edən  rəşadətli ordumuz yazdığı tarixlə gələcək inkişafımızın prioritetlərini müəyyənləşdirdi: “Vətən müharibəsi haqqın, ədalətin bərpası olmaqla yanaşı, işğalçı Ermənistana və ona havadarlıq edənlərə tarix və hüquq dərsi oldu. Ermənilərə elə bir dərs verildi ki, bu dərsi heç vaxt unutmayacaqlar. Onlar elə düşünürdülər ki, işğal etdikləri torpaqlardan çıxmayacaq, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq.

  Amma 44 günlük Vətən müharibəsi işğalçı Ermənistanın  xülyalarını  alt-üst etdi, sübut edildi ki,  torpaq əsl sahibində olanda dirçələr, nəfəs alar, böyük quruculuq meydançasına çevrilər. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa işləri bu reallıqlara bir daha işıq salır. Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza səfəri zamanı hər zaman səsləndirdiyi “Günəş də çıxır, yolumuzu işıqlandırır” ifadəsi  təsdiqləyir ki, torpaqlarımız  sahiblərinin gəlişindən fərəhlənir, hava da bu gəlişdən qürurlanır, günün çıxması ilə gələn qonaqlara sanki “xoş gəlmisiniz” söyləyir.”

    Millət vəkili vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər edərkən dövlətimizin başçısınin  Laçın rayonunun Güləbird kəndində çıxışı zamanı səsləndirdiyi bəyanatlar işğalçı dövlət üçün ciddi mesaj olmalıdır: “Möhtərəm Prezidentimiz  bu gün də Ermənistanda revanşist qüvvələrin  baş qaldırmağa çalışdığını önə çəkərək bildirmişdir ki, onlar  Azərbaycanı növbəti təxribatlarla,  müharibə ilə hədələməyə çalışırlar. Bu qüvvələr  anlamalıdırlar ki, heç vaxt  erməni faşizminin   baş qaldırmasına imkan verilməyəcək.  Azərbaycan ordusu  düşməni  doğma torpaqlarımızdan qovdu. Ermənistan silahlı qüvvələri ordumuzun qarşısında dayana bilməyərək  hərbi texnikasını, silah-sursatını, hətta papaqlarını qoyub qaçdılar. Papaqlarını atmalarını xüsusi vurğulamağımız səbəbsiz  deyil.  Ermənilər  10 noyabr üçtərəfli razılaşmaya uyğun olaraq  Kəlbəcər, Ağdam və Laçın rayonlarını boşaldarkən   apardıqları əşyalarla özlərini gülünc, acınacaqlı vəziyyətə saldılar. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, dünya bu günədək hansı vəhşi ilə üz-üzə olduğumuzu bir daha görsün.”

  “Güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik” söyləyən Ə.Salahzadə qeyd edib ki,  Azərbaycan ordusu hər günü tariximizə Qələbə səhifəsi kimi yazaraq addım-addım torpaqlarımızı işğaldan azad etdi: “İkinci Qarabağ müharibəsi başlandığı gündən bir addım da belə geri çəkilmədik, daim irəliyə doğru addmladıq. Azərbaycan ordusu  gücünü, qüdrətini, bir qarış torpağımızı  belə düşmənə verməyəcəyini döyüş meydanında göstədiyi şücaəti ilə təsdiqlədi. Qeyd edilən çıxışında bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırdığını bildirən Prezident İlham Əliyev vurğuladı  ki, bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Qələbəmiz tarixi Qələbədir. Tarixi ədaləti bərpa etdik. Şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası döyüş meydanında alındı.”

    Millət vəkili bildirib ki, artıq  bu ərazilərdə bərpa işləri gedir:  “Qarabağ cənnətə çeviriləcək. Bütün işlər planlı görülür. Cənab İlham Əliyev bu işlərdə ictimai nəzarətin rolunu xüsusi qeyd edir. Möhtərəm Prezidentimiz bu inamı da  ifadə etmişdir ki,  bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

  “Dövlətimizin başçısı İlham Əliyev  məlum nitqində torpaqlarımızı vaxtilə satanlara da ciddi mesajlarını çatdırdı” söyləyən Ə.Salahzadə qeyd edib ki, müstəqilliyimizin ilk illərində yaşananlar hər kəsin yaddaşındadır: “O dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, ən əsası hakimiyyət hərisliyi ucbatından Azərbaycanın yaşadıqları tariximizin qara səhifəsi kimi  qeyd edilir. Bu reallıqdır ki, AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb.  Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də bildirmişdir ki, hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.”