“2026-cı ilin büdcəsi sosial rifahı və təhlükəsizlik təminatını gücləndirir”.
Sabahinfo.az xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətində sosial rifah məsələsi prioritet istiqamətlərdən biridir.
Deputat qeyd edib ki, cəmiyyətin ən çox ünvanladığı sual da məhz bundan ibarətdir: “Bu büdcə əhalinin güzəranını necə yaxşılaşdıracaq?”
Nəsirov əlavə edib ki, xüsusilə regionda baş verən siyasi və iqtisadi proseslər fonunda bu suallar daha da aktuallaşır:
“Əgər büdcə vəsaitinin 41 faizi sosial sahəyə yönəldilibsə, bu, 2026-cı ildə sosial vəziyyətin yaxşılaşacağına ciddi əsas yaradır. Rəqəmlər göstərir ki, gələn il sosial təminat daha güclü olacaq”.
Parlament üzvü vurğulayıb ki, insanların maddi ehtiyaclarının ödənilməsi vacib olsa da, ən mühüm məsələ təhlükəsizlikdir:
“Təhlükənin mövcudluğunu hiss etmək özü ən böyük təhlükədir. Regionda vəziyyətin necə olduğunu nəzərə alsaq, təhlükəsizlik məsələləri daim diqqətdə saxlanmalıdır. Mövcud göstəricilər isə təhlükəsizlik təminatımızın daha güclənəcəyini göstərir”.
Sonda Milli Məclisin üzvü həmçinin bildirib ki, büdcənin mühüm strateji istiqamətlərindən biri Qarabağa ayrılan vəsaitlərdir. Onun sözlərinə görə, 2026-cı il dövlət büdcəsi həm sosial rifahın yüksəldilməsinə, həm də iqtisadi-siyasi sabitliyin möhkəmləndirilməsinə xidmət edir.