Elmin inkişafı əhəmiyyətsiz polemika ilə əvəz ediləndə nələr baş verir?


Azərbaycanın elm məbədi hesab edilən Milli Elmlər Akademiyasının rəsmi internet səhifəsində cari ilin 10 fevral tarixində yerləşdirilən məlumat təəssüf və ikrah hissi doğurmaqla yanaşı, eyni zamanda ümumiyyətlə lüzumsuz müzakirələrə və polemikaya yol açır. Əslində, gözləmək olardı ki, AMEA-nın mətbuat xidməti yeni elmi uğurlardan, böyük elmi nailiyyətlərdən, alimlərimizin böyük əhəmiyyət kəsb edən və ölkəmizin inkişafına xidmət edən kəşflərindən, ixtiralarından, yeni-yeni uğurlarından xəbər verərdi. Təəssüf ki, biz bunun əksini müşahidə edirik və ən acınacaqlı hal ondan ibarətdir ki, Elmlər Akademiyasının rəhbərliyi bu qurumun ümumiyyətlə funksiyaları ilə qətiyyən bir araya sığmayan siyasi diskussiyalar tribunasına çevrilməsinə rəvac verir.
Milli Elmlər Akademiyasının Nizamnaməsinə uyğun olaraq bu qurum Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən dövlət ali elmi təşkilatıdır və onun fəaliyyətinin əsas məqsədi təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə, Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni-mənəvi inkişafına xidmət göstərməkdən ibarətdir. Ancaq AMEA tərəfindən geniş ictimaiyyətin nəzərinə çatdırılan məlumatlar ümumiyyətlə onun məqsədlərindən və qarşısında duran vəzifələrdən çox-çox uzaqdadır.
Təsis sənədi – Nizamnaməsinə uyğun olaraq, saxlanma xərcləri və fəaliyyəti asasən Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən bir qurum tərəfindən, dövlətin ən mühüm siyasi-hüquqi təsisatlarından birini təmsil edən Milli Məclisin deputatları haqqında yanlış, həqiqətə uyğun olmayan, qərəzli fikirlərin səsləndirilməsi ümumiyyətlə yolverilməzdir. Burada mən bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən altıncı çağırış Milli Məclısın 10 mart 2020-ci il tarixli ilk iclasındakı konseptual xarakterli nitqindən bir sıra fikirləri xatırlatmaq istərdim. Dövlət Başçısı parlament seçkilərinin ölkəmizin həyatında önəmli hadisə olduğunu vurğulayaraq, qeyd etmişdir ki, “seçki prosesi uğurla keçdi, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir”. 2020-ci ilin seçkilərindən Azərbaycan xalqının məmnun qalmasının, seckilərdə bütün siyasi qüvvələrin iştirakının, çoxpartiyalı sistemin formalaşmasının mühüm hadisə kimi dəyərləndirən Prezident demişdir ki, “seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layıq olduğunu göstərdi”.
AMEA-nın mətbuat xidmətinin məlumatında millət vəkillərinin “növbətçi troll”, “saxta deputatlar” adlandırılması qəbuldedilməzdir və böyük uğurla həyata keçirilən siyasi kursla ümumiyyətlə bir araya sığmayan yanaşmadır. Azərbaycan Respublikasının Milli Məclisi çox mürəkkəb şəraitdə səmərəli formada fəaliyyət göstərir, Dövlət Başçısının rəhbərliyi altında ölkəmizin bütün sahələrində həyata keçirilən islahatlar siyasətini dəstəkləyir, onun möhkəm normativ-hüquqi bazasının formalaşması üçün əhəmiyyətli işlər görür, parlament diplomatiyasının inkişafı istiqamətində ciddi uğurlara imza atır.
Çox yaxşı məlumdur ki, ölkəmiz hazırda renessans dövrünü yaşayır – müzəffər Ali Baş Komandanın rəhbərliyi altında otuz ilə yaxın bir müddətdən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi, dövlətimizin dünyada siyası nüfuzu artdı, tarixi Şuşa Bəyannaməsi imzalandı, Qarabağda irimiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Belə bir ictimai-siyasi şəraitdə elmin inkişafını təmin etməli olan bir qurumun qərəzli siyasi platformaya çevrilməsinə qətiyyən yol vermək olmaz.
Dünya şöhrətli alimlər və görkəmli şəxsiyyətlər - Mir Əsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev kimi elm fədailərinin rəhbərlik etdiyi və elmin müxtəlif sahələrində fundamental uğurlara imza atan Milli Akademiya ayrı-ayrı fərdlərin şəxsi mənafeylərinin qorunmasına deyil, bütövlükdə ölkəmizin qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə xidmət etməli və dəyərli töfvələr verməlidir.

Nizami Səfərov,

Milli Məclisin deputatı