Elşad Hacıyevdən vətəndaşlara ÇAĞIRIŞ

“Zəlzələ baş verəndən dərhal sonra polis gücləndirilmiş iş rejiminə başlayıb”.

Sabahinfo.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bugünkü brinifqdə deyib.

Onun sözlərinə görə, panika yaranmaması üçün bütün polis orqanları öz sahələri üzrə tədbirlərə yönləndiriliblər: “Hər hansı mənfi məlumat daxil olmayıb. Əsas nəzarətə götürülən ərazi metro, məktəb və bağçalardır. Xüsusilə, metroda vətəndaşlar panikaya düşməsin deyə tədbirlər görülüb”.

E.Hacıyev vətəndaşları maksimum təmkinli olmağa çağırıb. Bildirib ki, belə hallarda rəsmi qurumların məlumatlarına istinad edilməlidir.

“Yollarda sıxlığın təhlükəli vəziyyət yaratmaması üçün bütün tədbirlər görülüb. Vətəndaşların təşvişə düşüb binaları tərk etməsi nəzərə alınaraq əlavə naryad qrupları təşkil edilib ki, evdən çıxdıqda təhlükəli vəziyyət olmasın. Oğurluq və xoşagəlməz hallarla bağlı bir dənə də fakt daxil olmayıb”, - deyə Elşad Hacıyev qeyd edib.