Emin Hacıyev Hesabat-təqdimat tədbirində

Bu gün həmkarlarımın iştirakı ilə Təhsil Tələbə Krediti Fondunun 2021/2022-ci tədris ilinin yekununa dair Hesabat-təqdimat tədbirində iştirak etdim.

Görüşdə Fondun İdarə Heyətinin sədri Araz Paşayev ölkəmizdə təhsilin inkişafına dövlət qayğısının bariz nümunəsi olan Təhsil Tələbə Kredit Fondunun fəaliyyət göstərdiyi bir il ərzində 2021/2022-ci tədris ili üzrə təhsil tələbə kreditlərinə dair hesabat təqdim etdi, Fondun fəaliyyət istiqamətləri, hədəfləri və prioritetləri barədə məlumat verdi.

Bildirildi ki, tədris ili ərzində təhsil tələbə krediti üçün Fonda 10597 müraciət daxil olub, 6815 tələbəyə təhsil tələbə krediti ayrılıb, bunlardan 2482 sosial, 4333 standart təhsil tələbə kreditinin payına düşüb. Fondun İdarə Heyətinin sədri ən çox rəsmiləşmə aparılmış iqtisadi regionlar, təhsil müəssisələri və ixtisaslar üzrə statistik məlumatları görüş iştirakçılarının diqqətinə çatdırmışdır.

Təhsil tələbə kreditlərinə müraciətlərin daha da asanlaşdırılması və təhsil kreditinin daha da əlçatan edilməsi məqsədilə son dövrlərdə görülən işlər barədə məlumat verilərkən bildirildi ki, tətbiq olunmuş yeniliklərə əsasən, təhsil tələbə krediti almaq istəyən tələbələr öz ərizələrini notariat ofisinə getmədən, “Mobil notariat” tətbiqi vasitəsilə təsdiqlədə bilərlər. Həmçinin, Fondun Himayəçilik Şurasına tələbələrin standart təhsil krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddinin 300-dən 250-yə salınması təklif edilmiş və bu təklif Himayəçilik Şurası tərəfindən qəbul edilmişdir.

Görüş çərçivəsində Fondun yaratdığı imkanlardan daha çox tələbənin yararlanmasını təmin etmək məqsədilə Respublika və Beynəlxalq elm olimpiadalarının qaliblərinin, həmçinin, Bədən tərbiyəsi və idman sahəsində Respublika və ya beynəlxalq miqyaslı yarışlarda nailiyyətləri olan tələbələrin də Təhsil tələbə kreditindən güzəştli şərtlərlə faydalanması barədə təkliflər verdim və təhsil tələbə krediti üçün müraciət edən tələbələri ən çox maraqlandıran sualları müzakirə etdik.

Emin Hacıyev
Milli Məclisin deputatı