EMTA-nın İdarə Heyətinin sədri ERRA-nın illik konfransında iştirak edir

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) mayın 5-6-da Omanın paytaxtı Maskat şəhərində Körfəz ölkələrində ilk dəfə keçirilən 22-ci illik konfransında iştirak edir.

Əsas mövzusu “Effektiv siyasətlər və tənzimləmə vasitəsilə enerji keçidinin inkişafı” olan tədbirdə enerji təchizatının dayanıqlığı, enerji mənbələrinin şaxələndirilməsi, karbon emissiyalarının azaldılması, eləcə də təmiz enerjinin inkişafının qarşısında duran əsas çağırışlar müzakirə edilir. 

Konfransda həmçinin şəbəkə inteqrasiyası və idarə edilməsi, transsərhəd əməkdaşlıq, bazarların dinamikası, qeyri-sabitliyin qarşısının alınması üçün tələb olunan islahatlar, keçid yanacaqlarının rolu və karbonsuzlaşdırılmış yanacaqların tətbiqi perspektivləri, eləcə də bərpa olunan enerji mənbələrinin gələcəyi və onların inkişafına dəstəyə dair təqdimatlar nümayiş olunur.

Qeyd edək ki, 2000-ci il dekabrın 11-də Buxarestdə təsis olunmuş Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA) 43 ölkəni təmsil edən 47 tənzimləyici qurumu özündə birləşdirərək, enerji tənzimlənməsi sahəsində bilik və təcrübə mübadiləsi üçün platforma rolunu oynayır. EMTA yarandığı ilk vaxtlardan ERRA ilə əlaqələr qurub və 2018-ci ilin aprel ayından bu təşkilatın assosiativ üzvüdür.