Ermənistan hökumətinin xaotik addımları aqoniya əlamətidir: “Böyük qardaşın” dəyişməsi nəticəni dəyişməyəcək - ŞƏRH

ADA Universitetinin təşəbbüsü ilə təşkil olunan beynəlxalq konfranslar artıq xeyli müddətdir ki, ən aktual regional və qlobal əhəmiyyətli məsələlərlə bağlı ölkəmizin rəsmi mövqeyinin dünya birliyinə çatdırılmasında mühüm platforma rolunu oynayır. Dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən növbəti Forumun “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” kimi həssas bir mövzuya həsr edilməsi bu mənada xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin Forum çərçivəsində nüfuzlu beyin və tədqiqat mərkəzlərini təmsil edən xarici qonaqların suallarını ənənəvi olaraq şəxsən cavablandırması ona xidmət edir ki, Azərbaycanın haqq işi və regionumuzla bağlı həqiqətlər, bəzi dairələrin səylərinə baxmayaraq, dünya ictimaiyyətinə təhrif olunmadan çatdırılsın.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat bildirib ki, istər 44 günlük Vətən müharibəsinin gedişində, istərsə də müharibədən sonrakı dövrdə bir daha əmin olduq ki, Ermənistan ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətində heç vaxt tək olmayıb. Elə buna görə də Azərbaycanın əldə etdiyi tarixi Zəfər Ermənistanla yanaşı, onun havadarlarına da psixoloji məyusluq sindromunu yaşatmaqdadır. Avropa Parlamentinin anti-Azərbaycan mahiyyətli qərəzli qətnamələri, Fransa kimi ölkələrin hətta beynəlxalq hüququ heçə sayan bəyanat və qərarları həm də bu məyusluqdan qaynaqlanır. Heç şübhəsiz ki, belə mərkəzlər öz geosiyasi maraqlarını Cənubi Qafqazda arzuladıqları səviyyədə təmin edə bilmədiklərinə görə, yaşadıqları psixoloji məyusluq getdikcə daha çox dərinləşir, zaman-zaman təhdid və hədə müstəvisinə keçir. BMT Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı məlum 4 qətnaməsinin icrasını 27 il ərzində təmin etməyən və ya bunu etmək istəməyən üç böyük dövlət uzun illər ərzində Azərbaycana yalnız onu təlqin edirdi ki, münaqişənin hərbi həlli yolu yoxdur. Tərəfsizliyi işğalçı ilə işğala məruz qalan arasında ədalətsiz şəkildə bərabərlik işarəsinin qoyulmasında görən həmin ölkələr, sanki xalqımızı inandırmağa çalışırdılar ki, status-kvo vəziyyəti ilə barışmaqdan, Qarabağı unutmaqdan başqa çıxış yolu yoxdur. Əslində, keçmiş vasitəçilərin hər biri 28 il boyunca bu və ya digər səviyyədə Ermənistana havadarlıq etdilər, açıq və ya gizli şəkildə onun işğalçılıq siyasətinə dəstək verdilər. Nə mane oldu ki, üç böyük dövlət işğalçı Ermənistana qarşı nəinki sanksiya tətbiq etmədi, heç buna təşəbbüs belə göstərmədi. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, üzləşdiyimiz acı gerçəkliyi Forum iştirakçılarının diqqətinə olduğu kimi çatdırdı: “Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi... Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var”.

Ü.Quliyev vurğulayıb ki, birgünlük antiterror tədbirindən sonra ölkəmizə qarşı istifadə edilən əsassız arqumentlərdən biri də onunla bağlıdır ki, guya Azərbaycan Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə siyasətini həyata keçirib və guya Azərbaycan ermənilərin reinteqrasiyasında maraqlı olmayıb. Təəssüf ki, bu cür əsassız iddianı səsləndirənlərin cərgəsinə son vaxtlar Avropanın bəzi qocaman siyasətçiləri də qoşulub. Yalan və iftira o həddə çatıb ki, hətta Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel guya güc tətbiqi nəticəsində 150 min erməninin Qarabağdan getdiyini bəyan edir. Əvvəla, bunun belə olmadığını, antiterror tədbiri zamanı mülki ermənilərin və mülki infrastrukturun hədəf seçilmədiyini BMT-nin səlahiyyətli missiyası dəfələrlə təsdiq edib. Hətta Ermənistan baş nazirinin bu gerçəkliyi ictimai şəkildə etiraf etməsinə baxmayaraq, Cozep Borrel kimi siyasətçilər nədənsə ermənidən də artıq ermənipərəstlik etmək fikrinə düşüb. 150 min rəqəmini isə heç Ermənistan rəhbərliyinin özü də indiyədək səsləndirməyib. Şübhəsiz ki, təcrübəli siyasətçinin təxəyyülü çox zəngin ola bilər, amma bu təxəyyül sülhə yox, milli ədavətin qızışdırılmasına xidmət edirsə, bunu təsadüfi xəta kimi dəyərləndirmək sadəlövhlük olardı. Xətanın arxasında təsadüf amili dayanmış olsaydı, yəqin ki, onun müəllifi dərhal düzəliş və üzrxahlıq edərdi. Bu, baş vermirsə, deməli, məqsəd xoşniyyətli deyil.

Bildirilib ki, Qarabağda yaşayan ermənilərin reinteqrasiya məsələsinə və Azərbaycanın bunda maraqlı olub-olmadığına gəldikdə isə, dövlətimizin başçısı bu məqama da müfəssəl şəkildə aydınlıq gətirdi. Bildirdi ki, rəsmi Bakının təklif etdiyi “reinteqrasiya” sözünün özü belə, keçmiş qondarma rejimin təmsilçiləri tərəfindən kinayə ilə qarşılanıb. Faktiki xunta rejiminin girovluğunda yaşayan sıravi ermənilərə təklif olunan reinteqrasiya proqramından yararlanmağa imkan verilməyib. Halbuki onlara Avropa Konvensiyalarına tam uyğun şəkildə ana dilində təhsil, dini, mədəni və bələdiyyə hüquqları, hətta 2024-cü ildə öz bələdiyyələrinin rəhbərliyini seçmək imkanı təklif olunmuşdu. Bakının reinteqrasiya prosesini asanlaşdırmaq məqsədilə ermənilər üçün yaratdığı elektron portal indi də işlək vəziyyətdədir. Azərbaycana qarşı “səlib yürüşünə” çıxan Avropanın bəzi ölkələri, ayrı-ayrı beynəlxalq təşkilatlar və həmin qurumlarda təmsil olunan siyasətçilər nədənsə bu gerçəkliyi görmək istəmir, əksinə, həqiqəti təhrif etməklə sülh prosesinə yalnız zərbə vururlar. Prezident İlham Əliyev beynəlxalq Forumun tribunasından istifadə edərək dünya birliyinə, dünya ictimaiyyətinə bu mesajı da verdi: “Bundan başqa biz nə təmin etməli, nə təklif etməli idik? Bu, maksimum idi və hər şey tam şəffaf idi. Bu təklif vasitəçi olmaq istəyən ölkələrin paytaxtlarına göndərildi. Yəni, Avropa İttifaqı, Brüssel və Vaşinqton. Biz bunu tam şəffaf şəkildə etdik. Onlar yox cavabı verdilər”.

“Səlib yürüşü” ifadəsini təsadüfən işlətmədim. Dünyanın bir çox ölkələrinə, hətta Avropanın ən qabaqcıl dövlətlərinə, sözün həqiqi mənasında, tolerantlıq nümunəsi göstərən Azərbaycan xalqı üçün dini və etnik zəmində ayrı-seçkilik və ya nifrət tarixən yad olub. Ona görə də bu mərəzə tutulan Avropa parlamentarilərinin bəyanat və çıxışları cəmiyyətimiz tərəfindən heç cür anlaşılmır, cahilliyin və nadanlığın təzahürü kimi qiymətləndirilir. Cəmiyyətimiz necə anlaya bilər ki, sözdə demokratiyadan, insan haqlarından, bərabərlikdən və ədalətdən danışan Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi bütün qərəzli qətnamələrinin kökündə siyasətçi adına utanc gətirən bu cür təhlükəli “əsaslandırmalar” dayanır: “Azərbaycan Dağlıq Qarabağa hücum edib, biz xristian qardaşlarımızı qorumalıyıq”, yaxud “ən qədim xristian erməni dövlətini qorumalıyıq” və ya “Fransa ermənilərini necə seviriksə, Qarabağ ermənilərini də eləcə sevib qorumalıyıq”. Avropa Parlamentində ölkəmizə qarşı qəbul edilən bütün qərəzli qətnamələrin müzakirəsi zamanı, təəssüf ki, belə çıxışlar əksəriyyət təşkil edir və həmin qətnamələr səs çoxluğu ilə qəbul olunur. Avropanın ən tanınmış beynəlxalq qurumlarından birində bu cür ayrı-seçkiliyi, dinlər və millətlər arasında bölücülüyü gördükdən sonra, Azərbaycan cəmiyyəti belə institutlara və onlarda təmsil olunan siyasətçilərə necə etimad göstərə və inana bilər? Bəzən elə təəssürat yaranır ki, Avropanın ayrı-ayrı siyasi mərkəzləri, onların təsiri altında olan beynəlxalq təşkilatlar ictimai etimada sanki qəsdən zərbə vurur, bölücülük siyasətini məqsədli şəkildə önə çıxarırlar. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, Forum iştirakçılarına və Ermənistanı aşırı dərəcədə sevən bəzi Avropa siyasətçilərinə bu mesajı verdi: “Düşünürəm ki, Azərbaycanın xarici siyasət konsepsiyasında çox praqmatik səbəblərə görə Aİ-yə üzv olmaq hədəfi yoxdur, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Səbəb də çox aydındır və biz bunu başa düşürük. Biz virtual deyil, real dünyada yaşayırıq. Əgər qəbul edilməyəcəksinizsə, niyə qapını döyməlisiniz?”

Azərbaycan Prezidenti Ermənistan rəhbərliyini virtual aləmdən ayrılıb, nəhayət, praqmatik siyasətə başlamağa dəvət etdi. Ermənistan hökumətinə və onun yeni hamilərinə xatırlatdı ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyinin icrasından yayınmaq Ermənistana yaxşı heç nə vəd etmir, əksinə, onu regional və qlobal iqtisadi layihələrdən, ciddi ölçüdə iqtisadi-siyasi dividendlərdən məhrum edir. Elə buna görə də Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinə bu mesajı da verdi: “Çünki hazırda Ermənistan hakimiyyətində baş verənlərə Bakıdan nəzər saldıqda orada bir qütbdən digərinə xaotik keçidin olduğunu müşahidə edirik. Onlar başqa qütbün onlar üçün bir növ qurtuluşa səbəb olacağını düşünürlər. Əsla! Bu, başqa bir böyük qardaşdan savayı heç nə deyil”.

“Cənab Prezidentin qeyd etdiyi kimi, xüsusilə böyük siyasətdə dəyərlərə və reallığa deyil, ötəri hakimiyyət maraqlarına söykənən xaotik davranışlar, adətən, aqoniyadan xəbər verir. Aqoniya vəziyyətində isə sağlam məntiq işləmir, dövlətin və millətin maraqları arxa plana keçir, hətta suverenlik və müstəqillik kimi dəyərlərin də ciddi təhdidlərlə üzləşməsinə zəmin yaranır. Cənubi Qafqazın müharibəsiz, firavan, dinc birgəyaşayış məkanına çevrilməsi bölgə liderlərindən, ilk növbədə, Ermənistan rəhbərliyindən praqmatik siyasətin yürüdülməsini və müharibədən sonra yaranmış reallığın təhrif olunmadan nəzərə alınmasını tələb edir. Bu, Ukrayna üzərindən baş verən qütblər toqquşmasının Cənubi Qafqaza transformasiya edilməməsi baxımından da olduqca vacibdir”, - deyə Ü.Quliyev vurğulayıb.