Azərbaycanla İranın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalaması ölkəmizin geostrateji müstəvidə yeni qələbəsi, tarixi əhəmiyyətə malik hadisədir. Memorandumun imzalanması iki ölkə arasında diplomatik münasibətlərin qurulmasınnın 30-cu ildönümünə təsadüf edir.
Ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq bu mühüm layihə bir tərəfdən Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin edəcək, digər tərəfdən regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq. Həmçinin bu layihə vasitəsilə elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da əldə edəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. O qeyd edib ki, Anlaşma Memorandumunun imzalanmasında məqsəd Azərbaycanın İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 kilometr məsafədə keçəcək.
M.Abbaszadə bildirib ki, Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanmasını, tikintisini və tikintiyə nəzarət işləri üzrə bütün xərclərini İran tərəfi həyata keçirəcək. “Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazilərini geri qaytardı və dövlət sərhədlərini bərpa etdi. Bu amil Azərbaycanın növbəti diplomatik triumfuna yol acdı və ölkəmiz eyni coğrafiyada, Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaratdı. Azərbaycan bununla öz planlarını reallaşdırdı, Ermənistan isə növbəti dəfə şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı”, - deyə M.Abbaszadə qeyd edib.