“Ermənistan sülh müqaviləsinin imzalanmasının qaçılmaz olmasını dərk etməlidir”

Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında nəinki dövlətimizin, ümumilikdə regionun tarixində yeni eranın əsasını qoydu. İndi Qafqazdakı bütün proseslər məhz ölkəmizin liderliyi altında həyata keçirilir. Postmüharibə dövründə rəsmi Bakı üçün əsas hədəflər sırasında Avrasiyanın orta xətt coğrafiyası üçün mühüm əhəmiyyət kəsb edən yeni geoiqtisadi və geosiyasi layihələrin reallaşdırılmasına nail olmaqdır. Təbii ki, bunun üçün bölgədə sülh və əməkdaşlıq çox vacibdir. Ermənilərin Azərbaycana köçürülməsindən bir qədər sonra - XIX əsrin sonlarından başladılan, erməni ideoloqların “Böyük Ermənistan” ideyasının iflası, indi bu xalq qarşısında yeni tarixi şans yaradıb. Ermənilər ya əsassız torpaqlar sevdasından əl çəkməli, ya da Qafqazda əriyərək yox olmaq çağırışı qarşısında qala bilərlər. Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Onun sözlərinə görə, “Gallup” Beynəlxalq Sorğu Mərkəzinin may ayının sonunda apardığı təhlillər də onu deməyə əsas verir ki, bir neçə həftə sonra baş tutacaq seçkilərə maraq cəmiyyətin yalnız yarısını əhatə edir. Əksəriyyət isə siyasi apatiya, siyasi şok keçirərək mənəvi böhran və depressiya içindədir: “Sosial-iqtisadi böhrandan çıxmağın, maddi vəziyyətin yaxşılaşdırılmasının isə bir yolu var. Azərbaycan başda olmaqla qonşulara qarşı ərazi iddialarından əl çəkmək, əsrlərdir davam edən faşist və işğalçı ideologiyanı kənara ataraq sivil cəmiyyət qurmaq. Bölgədə yeni əməkdaşlığın qurulması və Zəngəzur dəhlizinin yaradılması başda olmaqla bir çox layihələrin reallaşması üçün isə sərhəd məsələsinə aydınlıq gətirilməsi olduqca vacibdir. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasıyası və demarkasiyası tərəflər arasında gələcək sərhədyanı ərazilərdəki münaqişələrdən sığortalanmaq və qarşılıqlı əməkdaşlıq üçün vacib olan bir nömrəli məsələdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini bir neçə dəfə bəyan edib və Minsk qrupu başda olmaqla, həmsədrləri bu istiqamətdə fəallığa çağırıb. Sülh müqaviləsi münaqişə və müharibə səhifəsinin bağlanması, istənilən potensial hərbi qarşıdurma riskinin minimuma endirilməsi və ya aradan qaldırması üçün əhəmiyyətlidir.

Deputat qeyd edib ki, dünyanın bir çox dövlətləri arasında olduğu kimi Azərbaycan və Ermənistan arasında da müharibədən sonra yeni səhifənin açılması, yeni sazişin imzalanması bölgədə gələcək sülh və mehriban siyasət üçün lazımlı nüans kimi qəbul edilir: “Vaxtilə Avropanın bir çox dövlətləri də bu mərhələdən keçdi, tarixi səhvlərini unudaraq gələcəyə baxdı. İndi Ermənistan da keçmişdəki səhvlərindən dərs çıxarmalı, hazırda oturduğu torpaqların kimin olmasını yaddan çıxartmamalı və bir daha Azərbaycan Respublikasının torpaqlarına göz dikməməlidir. Bakı cəmi 44 gün ərzində torpaqlarımıza edilən qəsbkarlığın nəticəsinin necə ağır olacağını hərbi əməliyyatlar vasitəsilə göstərdi. Bundan sonra bizim ərazilərimizlə bağlı erməni revanşistlərin hər hansı xəyalı bizi Ermənistandakı tarixi torpaqlarımız haqqında düşündürə bilər. Bu reallığı Ermənistanın indiki və gələcək siyasi hakimiyyəti nəzərə almalı, sülh sazişinin imzalanmasının ilkin mərhələsi olan Üçtərəfli Bəyanat və digər razılaşmalara əməl etməyin qaçılmaz olmasını məsuliyyətləri ilə dərk etməlidir. 44 günlük Vətən müharibəsinin başa çatması bu gün sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlanmasını zəruri edir. Dünya təcrübəsi göstərir ki, müharibələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və münaqişə tərəfləri arasında sərhədlərin dəqiqləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Delimitasiya sülh müqaviləsinin və ya dövlət sərhədinin müəyyən edilməsi, dəyişdirilməsi ilə bağlı xüsusi razılaşmanın tərkib hissəsidir.

Ə.Ağazadə onu da bildirib ki, Azərbaycan və Ermənistan müharibəsi də artıq başa çatıb və regionun gələcəyi üçün sülh müqaviləsinə ehtiyac var: “Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı 10 noyabr bəyanatı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün əsas bazadır. Tarixi təcrübə və baza mövcuddur, əsas siyasi iradədir. Azərbaycan bu siyasi iradəni nümayiş etdirir. Prezident İlham Əliyev münaqişə və müharibə səhifəsinin bağlanması, Azərbaycanın Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazır olması, istənilən potensial hərbi qarşıdurma riskinin minimuma endirilməsi və ya aradan qaldırmaq üçün sülh razılaşmasına ehtiyac olduğunu dəfələrlə bəyan edib və müvafiq təklif irəli sürüb. Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Azərbaycan artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib, həmin təşəbbüslərin əsası 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda əks olunub. Onların reallaşdırılması üçün texniki və maliyyə imkanlarını ayırıb. Beləliklə, Ermənistan və regionda sülhə xələl gətirmək istəyən bəzi xarici qüvvələr yeni reallığı dərk etməli, sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini, sülh müqaviləsinin imzalanmasının qaçılmaz olmasını dərk etməlidir”.