Ermənistan sülhə məcbur edilməlidir

Ermənistanın növbəti təxribatı onlara baha başa gəldi. Baş verən hadisə onu deməyə əsas verir ki, düşmənin təxribatlarının qarşısı hər zaman qətiyyətlə alınacaq və hər təxribata cavab daha sarsıdıcı olacaq.

Bu fikri Milli Məclisin deputatı İltizam Yusifov AZƏRTAC-a açıqlamasında ifadə edib.

Deputat hazırkı gərginliyin səbəbləri barəsində danışarkən məsuliyyətin Ermənistan rəhbərliyinin üzərində olduğunu deyib: “Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv xarakter daşıyır. Revanşist fikrə düşən erməni rəhbərliyi üzdə başqa siyasət, cəbhədə başqa siyasət aparır. Brüssel görüşündə Paşinyanın vəziyyəti sabitləşdirmək üçün Ermənistanın götürdüyü öhdəliklərə əməl etməməsi də onu deməyə əsas verir ki, Ermənistan güvənilir tərəfdaş deyil, eyni zamanda, region üçün ciddi problemdir. Bu problemin həlli isə onlara layiqli cavabın verilməsidir. Bunu da Müzəffər Ordumuz layiqincə yerinə yetirir. Erməni rəhbərliyi hələ də anlamır ki, Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. Siyasi iradə ilə yanaşı, ordu quruculuğunda aparılan işlər gücümüzə güc qatıb”.

İltizam Yusifov onu da deyib ki, Ermənistanın yüksək çinli rəsmi şəxslərinin verdikləri açıqlamalara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcudluğu və qanunsuz erməni hərbi birləşmələri ilə birgə fəaliyyəti davam edir. Belə bir vəziyyət regionun təhlükəsizliyinə ciddi maneədir. Baş verən hadisələr sülhməramlıların fəaliyyətinə şübhə ilə yanaşmağa zəmin yaradır. Ümumilikdə sülhməramlıların fəaliyyət dövründə bu kimi halların davamlı hal alması məsələyə yenidən baxılmasını şərtləndirir. Azərbaycan öz tarixi torpaqlarına özü nəzarət etməlidir. Regionda sabitlik yalnız bu halda mümkün olacaq.

Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu kimi hərbi avantüralarla regionda vəziyyəti qəsdən gərginləşdirməklə sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmağa cəhd etdiyini diqqətə çatdıran deputat deyib: “2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməmək, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrini ləngitmək, Ermənistan əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırmaq kimi məqsədlər güdən Ermənistan rəhbərliyinin bu addımlarından sonra sərhəddə təhlükəsizlik zonasının yaradılması məsələsini aktuallaşdırır. Əks təqdirdə Ermənistanın təxribatları davam edəcək. Bununla yanaşı Ermənistan sülhə məcbur edilməlidir. Ermənistanda revanşizmin baş qaldırmasına imkan vermək olmaz”.