“Ermənistan təxribatları bilərəkdən törədir, səbəb bəllidir” – Aydın Hüseynov 

“Ermənistan-Azərbaycan sərhədində baş verənlər düşmən ölkənin, işğalçı erməni ordusunun təxribatçı əməllərinin bir parçasıdır. Ermənilər bu əməlləri ilə sülhə hazır olmadıqlarını təsdiq edirlər. İndiyədək əldə etdiklərini itirdikləri, Azərbaycanın öz ərazilərini işğaldan azad etdikləri faktı ilə barışa bilmədikləri üçün vəziyyəti gərginləşdirməyə çalışırlar”. Bunu Açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat bildirib ki, Ermənistanın növbəti genişmiqyaslı təxribatı üçtərəfli Bəyanatın tələblərinə, sülh prosesinin ruhuna, beynəlxalq norma və prinsiplərə ziddir: “Ermənistan bir tərəfdə Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olan tərəf imitasiyası edir, digər tərəfdən hərbi əməliyyatlar aparıb daha çox ərazilər ələ keçirmək istəyir. Bu, əslində qəbuledilməz yanaşmadır. Bunu rəsmi İrəvanda da yaxşı anlayır və nəticələrinin nə olacağını da əvvəlcədən bilirlər. Belə olan halda Ermənistan vəziyyəti niyə gərginləşdirir? Burada bəzi səbəblər var, birincisi, Paşinyanın hakimiyyəti laxlayıb və buna görə də daxili auditoriyanı sakitləşdirmək və diqqəti sərhədə yönəltmək üçün belə təxribatlara əl atır. İkincisi, xarici faktorlardır. İrəvan “dost ölkələr”in inamını qazanmaq və hələ də Azərbaycanla müharibə şəraitində olduğunu büruzə vermək üçün bu addımları atır. Növbəti səbəb isə Rusiyanı bölgədən vurub çıxarmaq üçün okeanın o tayından gələn göstərişlərə əməl etmək cəhdidir. Ermənistan ikibaşlı və çox təhlükəli oyuna qoşulub. Çox güman ki, rəsmi İrəvan Cənubi Qafqazdakı münaqişələrə daha çox oyunçu cəlb etmək niyyətindədir. Belə olan halda sülh prosesi daha bir neçə onilliklərə uzana bilər”.