Ermənistan törətdiyi bütün cinayətlərə görə beynəlxalq müstəvidə cavab verməlidir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işləri sürətlə gedir. Təəssüf ki, aparılan işlərə Ermənistan revanşist yanaşır. Onlar anlamırlar ki, gələcəkdə bölgədəki bütün xalqların firavan yaşaması üçün üçtərəfli danışıqların şərtlərinə tam əməl etməlidirlər. Hazırda sərhədyanı bölgələrdə törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalı, törətdiyi bütün cinayətlərə görə beynəlxalq müstəvidə cavab verməlidir. Mənfur düşmən Azərbaycanın yaşayış məntəqələrini dağıtmış, vandallar işğal dövründə bütün binaları sökmüş və talamışlar. Bütün dünya bu erməni vəhşiliyi haqqında məlumatlandırılmalıdır.

 Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmiş, Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır.

 Təəssüflə qeyd etməliyəm ki, hələ də minaya düşərək həyatlarını itirən vətəndaşlarımız var. Basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Beynəlxalq ictimaiyyətin susması və bu cür insidentlər ilə bağlı rəsmi bəyanat və ya qətnamələrin qəbul olunmaması “ikili standartlar” siyasətinin təzahürüdür. Hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır.

 Yoxsa Azərbaycan yenə Ermənistanla başa düşdüyü dildə danışmağa məcbur olacaq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, dəmir yumruq hələ yerindədir.

 Məşhur Məmmədov,

Milli Məclisin deputatı