Firidun bəy Köçərlimiz də unudulmayacaq...  

Böyük tarixi şəxsiyyətlərin ömrü yaşadığı dövrün sərhədlərini aşır, belə ömürlərin işığı zaman anlamında sabahlara çatır. XIX əsrin siyasi çalxantıları da, savadsızlıq da, çar Rusiyasının əyalətlərə ögey münasibəti də təsirsiz ötüşmürdü. Azərbaycanda maarif, təhsil işığı yox dərəcəsində idi. Nisbətən imkanlı, dünyagörüşlü ailələrin övladları müəyyyən səviyyədə təhsil ala bilirdi. Bu rəqəm o qədər az idi ki, onun faiz göstəricisi haqqında söz açmaq da fikrin ifadəsi ola bilməyəcək...

Firidun bəy Köçərli 1863-cü il yanvarın 26-da Şuşada anadan olmuşdu. Əhməd bəy dünyagörüşlü insan idi, şeiri-şeiriyyəti sevirdi, duyurdu, bunları oğluna da aşılamaq istəyirdi. Oğluna həm də fars dilini də öyrətməyi qərara almışdı. Firidun Mustafa Kərim Münsizadənin mədrəsəsində dörd il təhsil aldı. Əhməd bəy dövrün siyasi gərdişini duyurdu, ona görə də Firiduna həm də rus dilini mənimsətmək istəyirdi. Firidun Şuşada rus məktəbində də təhsil aldı. Sonra Qori seminariyasında altı il təhsil aldı. İrəvanda gimnaziyada müəllim işləyirdi. Azərbaycanlı müdavimlərə ana dilindən, şəriətdən, hüsnxətdən dərs deyirdi. Böyük pedaqoq öyrədə-öyrədə xalqın sabahlarının mücahidi olmuşdu.

Pedaqoji proses məhdud regionun ənənləri ilə məhdudlaşanda böyük nai-liyyətlər əldə etmək mümkün olmur. Firidun bəy kimi bəşəri fikirli, bəşəri düçüncəli, bəşəri amallı ziyalılar bu məhdudiyyətləri müxtəlif vasitələrlə aradan qaldıra bilirdi. İrəvandan kənarda pedaqoji proseslərin necə təşkil olunması, hansı fənlərin, necə tədris edilməsi, hansı mövzulara daha çox üstünlük verilməsi və s. kimi məsələlərə aydınlıq gətirmək, onların gimnaziyada tətbiqi imkanlarını müəyyənləşdirmək istəyi ilə Firidun bəy gimnaziyanın müəllimi Səfərəli bəy Vəlibəyovla birlikdə Krıma – Baxçasaraya getdi, böyük pedaqoq İsmayılbəy Qaspıralı ilə görüşüb məsləhətlərini dinləməyə, tövsiyələrini öyrənməyə. Bu görüş səmərəli oldu. Firidun bəy İrəvana yeni pedaqoji dücüncələri gerçək-ləşdirmək amalı ilə İrəvana getdi...

Firidun bəy Köçərli həm də pedaqoji proses üçün gərəkli saydığı əsərləri rus dilindən dilimizə tərcümə edirdi. Düşünürdü ki, bu əsərlər gimnaziyada təhsil alanların həm dilə vaqifliyini, həm düşüncəsinin çevikliyini, həm də rus ədəbiyyatına bələdliyini təmin edəcək. Böyük pedaqoq Puşkinin “Balıqçı ilə qızıl balığın nağılı”, Lermontovun “Üç xurma ağacı” şeirlərini Azərbaycan dilinə tərcümə etdi, İrəvanda və Şuşada nəşr etdirdi...

Firidun bəy Köçərli 1910-cu ilə qədər Qori seminariyasında müəllim işlədi. Bir müddət seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsini yerinə yetirdi. 1917-ci il avqust ayının 17-də həmin vəzifəyə təyin edildi. Bu vaxtlarda çarizm çökürdü, idarəçilikdə qarmaqarışıqlıq yaranmışdı, ölkədə hərc-mərclik çoxalmışdı, Qori seminariyasının nüfuzu xeyli azalmışdı. Ömrünü azərbaycanlı uşaqların təhsilinin cəfakeşi bilən Firidun bəy Köçərli Azərbaycan Maarif Nazirliyinin razılığı ilə 1918-ci ilin sentyabr ayında Qori seminariyasının Azərbaycan bölməsinin ləvazimatlarını Qazaxa köçürdü. Az müddətdə ziyalıların köməyi ilə xeyli şagird toplandı. 1918-ci il sentyabr ayının 17-də Qazaxda Azərbaycan Müəllimlər Seminariyasında ilk dərs başladı...

Seminariyada direktor və pedaqogika müəllimi vəzifəsində işləyən Firidun bəy Köçərli dərs deyirdi, seminariyanı idarə edirdi. Böyük pedaqoq əhali ilə də maarifləndirici söhbətlər aparırdı.

Azərbaycan Demokratik Cümhuriyyətinin süqutu Qazax seminariyasının da fəaliyyətini sarsıtdı.

 1920-ci il aprel çevrilişindən az sonra may ayının əvvəllərində Firidun bəy Köçərli Qazax İnqilab Komitəsi tərəfindən həbs edildi, Gəncə Fövqəladə Komissiyasının sərəncamına göndərildi...

Azərbaycanda maarifin inkişafında Qori seminariyasının, Qazax seminariyasının, hər ikisində böyük sevgilərlə işləmiş Firidun bəy Köçərlinin böyük fəaliyyəti indi tarixdir. O tarix də qürurumuzdur. Milli-xəlqi qürurumuzdur. 25 yanvar böyük pedaqoq Firidun bəy Köçərlinin anım günüdür. Qori seminariyası da, Qazax seminariyası da, Firidun bəy Köçərlimiz də unudulmayacaq...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı