Aqiyə NAXÇIVANLI: “YAŞAT zamanında yaradılan və ümidləri doğruldacaq fond olacaq”

"Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasət nəticəsində vətəndaşların bu istiqamətdə olan problemləri minimum səviyyəyə enib. Hökumətin prioritet sahələrindən olan sosial siyasətdə şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsi ön sırada dayanır. Bu təbəqədən olan insanların mənzil şəraitinin yaxşılaşdırılması, avtomobillə təmin olunması, işsizlik problemlərinin həlli istiqamətində atılan davamlı addımlar bunu deməyə əsas verir”. Bunu Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı KİV-ə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür: "Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir: "Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır. Bununla yanaşı, vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərmək üçün əllərindən gələni edirlər. Azərbaycan xalqı xeyirxahlıq, humanism prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır”.

Deputat onu da bildirib ki, Şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təminatı məsələsi daim Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzində olub və eyni mövqe bu gün də davam etməkdədir. Prezident İlham Əliyevin şəxsi tapşırıqları və ciddi nəzarəti nəticəsində bu kateqoriyadan olan insanlar hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Hazırda həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramlar da həyata keçirilir. Buna misal olaraq şəhid ailələri və müharibə veteranlarına pensiya, müavinətin təyin edilməsi, Prezidentin aylıq təqaüdünün verilməsini göstərmək olar. Məlum olduğu kimi hazırda hər bir şəhidin vərəsəsinə 11 min manat sığorta ödənişi verilir. Həmçinin, müharibə əlillərinə sığorta ödənişi kimi I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat ödənilir.

A.Naxçıvanlı Fondun fəaliyyətində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası yaradıldığını bu Şurada olan insanların cəmiyyət tərəfindən tanındığını qeyd edib: "Müşahidə Şurasında həm vətəndaş cəmiyyətinin üzvləri, həm müharibə iştirakçıları var. Eyni zamanda deputat həmkarım Novruz Aslanov da burada təmsil olunur. Bütün bunların fonunda onu deyə bilərəm ki, bu fond gələcəkdə şəhid ailələri, müharibə veretanları, qaziərimizə və onların ailələrinə böyük töhfə verəcək. Ən əsası odur ki, Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Elə buna görə də ediləcək yardımların əhatə dairəsi bu kateqoriyadan olan bütün insanlara şamil ediləcək".