DEPUTAT: "Bütün imkanllı şəxsləri bu nəcib işlərdə yaxından iştirak etməyə çağırıram"

Dekabrın 8-də fərman imzalayan Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – "YAŞAT" Fondu yaradıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, müzəffər Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğalçı erməni ordusunu darmadağın etməklə dünya hərb tarixinə bir çox yeniliklər gətirdi:

"Dağlıq Qarabağın və ətraf rayonların çətin, mürəkkəb coğrafi relyefə malik olmasına baxmayaraq, döyüş əməliyyatları dəqiqliklə hazırlanaraq, ən müasir texnika ilə aparılıb. Məhz Ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olması və Ali Baş Komandanın peşəkar rəhbərliyi itkilərimizi minimuma endirdi. Ancaq hər bir müharibədə olduğu kimi, ikinci Qarabağ müharibəsində də 2783 şəhid verdik. Allah onlara rəhmət eləsin. 1300-ə qədər qazimiz müxtəlif dərəcəli xəsarətlər alıb. Öıkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş və əlillik dərəcəsi almış qazilərə qayğı dövlətin sosial siyasətinin əsas qayəsini təşkil edir. Birdəfəlik sığorta ödənişləri ilə yanaşı, həmin ailələrin mənzil şəraiti yaxşılaşdırılır, onlar minik avtomobilləri ilə təmin olunur, övladları dövlət hesabına ödənişsiz təhsil alır, səhiyyə müəssisələrində pulsuz müalicə alırlar. Yeri gəlmişkən, indiyə qədər bu kateqoriyadan olan 9000 insan evlə, 7000-ə yaxını isə fərdi minik avtomobili ilə təmin olunub".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması" barədə bu gün imzaladığı fərmanı isə dövlətin öz şəhidinə. qazisinə göstərdiyi qayğının ən yüksək təcəssümüdür:

"Müharibə başlayan andan, xalqımızın Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsini, milli birlik nümayiş etdirməsini bütün dünya gördü. Həmin milli birliyi, "YAŞAT" Fondunun formalaşmasında da göstərməliyik. Hər bir azərbaycanlı özünü şəhidlərimizin, qazilərimizin qarşısında bir növ borclu hesab edir, onlara yardım etməkdən şərəf duyur. Düşünürəm ki, ilk növbədə imkanlı vətəndaşlarımız dövlət başçısından, Heydər Əliyev Fondundan nümunə götürərək, "YAŞAT" Fondunun fəaliyyətində də öz töhfələrini əsirgəməyəcəklər. "YAŞAT" Fondu torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərinin, sağlamlıqlarını itirmiş qazilərimizin problemlərinin həlli baxımından çox əhəmiyyətli işlər görəcək. Fürsətdən istifadə edərək, bütün imkanllı şəxsləri bu nəcib işlərdə yaxından iştirak etməyə çağırıram".