Devrilmək təhlükəsini hiss edən Paşinyan açıq diktatura tətbiq etməyə başlayıb

Sentyabrın 27-dən Ermənistan tərəfindən Azərbaycana qarşı genişmiqyaslı təxribatlar nəticəsində Azərbaycan Ordusunun əks-hücumları və düşmənin hərbi texnika və şəxsi heyət baxımından ağır itkilərə məruz qalması Ermənistan daxilində dərin ictimai-siyasi və sosial-iqtisadi böhran yaradıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O, bildirib ki, bütün bu uğursuzluqlar fonunda dərin böhranla üzləşən Paşinyan hakimiyyəti ölkədə diktatura rejmini daha da sərtləşdirməyə qərar verib:

"Səriştəsiz və düşüncəsiz siyasəti nəticəsində çıxılmaz vəziyyətə düşən və devrilmək təhlükəsini hiss edən Paşinyan açıq diktatura tətbiq etməyə başlayıb.

Belə ki, Ermənistan Nazirlər Kabinetinin qərarına əsasən, "ölkənin müdafiə qabiliyyətinə şübhə yaradan verilişlər”in yayımlanması qadağan olunub, dövlət və yerli idarəetmə orqanlarının vəzifəli şəxslərinə çıxışlar və nəşrlər daxil olmaqla "hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətləri tənqid edən, təkzib edən, effektivliyini şübhə ilə qarşılayan və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaq qadağandır”.

Azərbaycan ordusu bütün istiqamətlərdə əks-hücum əməliyyatlarını davam etdirir, onlarla kilometr irəliləyib, onlarla yaşayış məntəqəsi azad edilib, erməni hərbi birləşmələri çoxlu sayda hərbi texnika və canlı qüvvə itirir və geri çəkildiyini rəsmən etiraf edir. Ermənistanda sosial şəbəkələrdə yayılan məlumata görə, cəbhə bölgəsində 5 minə yaxın erməni zabit və əsgərləri haqda məlumat yoxdur".

Deputat deyib ki, Ermənistanın cəbhədəki uğursuzluqları ölkə daxilində iqtisadi böhran ilə müşahidə edilir6

"Onsuz da ağır vəziyyətdə olan Ermənistan iqtisadiyyatı müharibə üçün resurslar tapa bilmir, xarici ianələr buna kifayət etmir, nəinki əhalini, cəbhə xəttini belə təmin etmək mümkün olmur - ərzaq, dərman, silah, hətta hərbi paltar çatışmır. Eyni zamanda Ermənistanın xarici borcları durmadan artır.

Cəbhədəki uğursuzluq sosial-iqtisadi böhrana, o da öz növbəsində siyasi böhrana gətirib çıxarıb. Artıq "Qarabağ klanı” aktivləşib, Koçaryan yenidən ortaya çıxır – Qarabağa "külli-miqdarda silah” gətirməsi haqda şayihələr yayır, özünü yenidən "Qarabağın xilaskarı” obrazında təqdim edir. "Ermənistanda bütün nüfuzunu itirmiş "Qarabağ klanı” yenidən özünü Paşinyana qarşı alternativ kimi təqdim etməyə başlayıb.

Digər tərəfdən Ermənistan daxilində Paşinyana qarşı nifrət baş qaldırıb və ermənilər onu düzgün siyasət aparmamaqda, Ermənistanı uçuruma sürükləməkdə ittiham edir. Hətta döyüşlərdə öldürülən erməni əsgərlərin valideynləri övladlarının ölümündə Paşinyanı günahkar görürlər, onu övladlarını bilə-bilə ölümə göndərməkdə ittiham edirlər. Paşinyan cəbhədəki uğursuzluqlara yanaşı övladlarını ölümə göndərdiyi valideynlər qarşısında da cavab verməlidir".

A.Həsənovanın sözlərinə görə, baş verənlər Ermənistanda və hakimiyəət daxilində panika yaradıb – təhlükəsizlik strukturunun cəmi 4 ay əvvəl təyin olunmuş rəhbəri işdən çıxarılıb, Paşinyan "cəbhədə satqınlıq” haqda danışır, ölkədə xəyanətkarların "ovu” başlayır və bütün bunların fonunda hökumət rəsmən senzuraya keçir:

"Belə bir vəziyyətdə Paşinyan açıq diktatura rejiminə keçməklə öz hakimiyyətini saxlamağa çalışır. Ancaq bütün bunların Paşinyanı "xilas” edəcəyi mümkünsüz görünür. Çünki Paşinyanın yarıtmaz siyasəti və xarici dairələrin diktəsi ilə gördüyü işlər Ermənistanı uçurumun bir addımlığına gətirib. Ermənistandakı hazırki vəziyyət Paşinyanın dərhal istefaya göndərilməsini və cinayət məsuliyyətinə cəlb edilməsini zərurətə çevirib".