Hər birimiz Azərbaycanlı olduğumuz üçün fəxr edirik!




Bu gün çox şanlı, şərəfli bir gündür. Dekabrın 10-u sadə bir parad keçirilmir. Xalqımız, ordumuz ilk dəfədir ki, zəfər, qələbə yürüşü keçirir. Bu bir başqa bir hissdir. Bu, qürur, məğrurluq hissidir. Bu münasibətlə xalqımızı ürəkdən təbrik edirəm. Hər bir vətəndaşımız 44 günlük Vətən müharibəsində qələbə qazanmaq üçün bütün imkanları səfərbər etdilər. 
Baxmayaraq ki, mənfur düşmən dinc əhalimizə, şəhər və kəndlərimizə raket zərbələri endirdi, müharibənin istiqamətini dəyişmək üçün hər bir vandal hərəkətləri edirdi, ancaq xalqımızın əzmini sındıra bilmədi. Biz düşmən üzərində qələbə qazandıq. Qəhrəman, igid əsgərlərimizin canı, qanı bahasına qazanılan bu qələbəyə görə hər bir şəhidin qarşısında baş əyirik, yaralılarımıza can sağlığı diləyirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – "YAŞAT” Fondu yaradılıb. Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Bu həm də sosial məsuliyyətdir, yardımlaşmaqdır, insansevərlikdir.
Əlbəttə, bu qələbəni şərtləndirən amillər var. İlk növbədə iqtisadi imkanlarımızın artması nəticəsində güclü ordu yarandı. Siyasi və hüquqi müstəvidə, eləcə də Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması sahəsində nailiyyətlər əldə olundu. İkitərəfli və çoxtərəfli siyasi və iqtisadi əməkdsaşlıqlar, regional layihələr ölkəmizin nüfuzunu artırdı. Bütün bu sadaladığımız faktorların əsasında biz erməni faşizmi üzərində tam qələbə çaldıq.
Rəşadətli Azərbaycan ordusu düşmənin 30 ilə yaxın qurduğu möhkəm müdafiə sistemini 44 gündə darmadağın etdi. Azərbaycan əsgəri sübut etdi ki, "biz mübariz xalqıq”. O illərlə formalaşmış "uduzmuş xalq” sindromunu qırdı. Artıq biz "qalib xalqıq”, bizim özümüzə inam hissimiz artıb. 44 gündə və hazırkı dövrdə hələ də xalqımız tərəfindən elə nümunələr göstərilir ki, bu bizim bütövlükdə mərd, vəntənpərvər, igid xalq olduğumuzu bir daha təsdiqlədi. Xalqımız yumruq kimi, cənab Prezidentin dediyi kimi, dəmir yumruq kimi bir amal uğurunda birləşdi. Siyasi, dini, milli kimliyindən asılı olmayaraq hər bir vətəndaş öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirdi.
Əlbəttə bu qələbənin memarı var, o da Ali Baş Komandan, Prezident İlham Əliyevdir. O bizə Böyük, Uca millət olduğumuzu yenidən xatırlatdı. Hər bir çıxışı, mesajı ilə xalqımız ruhlandırdı, birləşdirdi, gələcək üçün hazırladı. O, Vətən üçün, xalq üçün, müqəddəs amallarımız üçün vuruşan bir sərkərdədir. Bu qələbə bizə gələcəkdə daha böyük zəfərləri qazandıracaq təməlləri atdı.
Bu gün ölkədə yeni bir mərhələ başlayır. Müharibədən sonra bizi daha böyük və çətin işlər gözləyir. Artıq bərpa və quruculuq işlərinə başlanılmışdır. Ölkə başçısının sərəncamları ilə işğaldan azad olunmuş ərazilərdə artıq müvafiq işlər görülür. Bütün bunlar bir daha göstərir ki, biz vaxt itirmədən kəndlərimizin, şəhərlərimizin yenidən qurulmasına çalışırıq. Cənab Prezident İlham Əliyevin Fizuli və Cəbrayıla səfəri zamanı dediyi kimi, "onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bütün buraları bərpa edəcəyik”. Qurucuq planları hazırlanır, yerli və beynəlxalq investorların cəlb edilməsilə Qarabağ cənnətə çevriləcəkdir. Bundan sonra biz daha da güclü təbliğat işləri aparmalıyıq. Hər bir ziyalı, alim, xüsusilə tarixçilər, etnoqraf və arxeoloqlar tanınmış xarici mütəxəssislərlə birgə məqalələr hazırlamaq və tanınmış elmi jurnallardan çap etdirmək lazımdır. Konfranslar, görüşlər, forumlar keçirilməlidir (xüsusilə alban kilsələri haqqında). Biz tariximizi yaşatmalıyıq, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Ermənilərin bundan sonra saxtakarlıqlar törətməyinə imkan verməməliyik. Bir daha zəfərimiz mübarək olsun, Qarabağ Azərbaycandır!

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin
sədri, professor Hicran Hüseynova