Musa Quliyev: “Biz bu birliklə bölgənin talehini, tarixini dəyişdik”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində Müzəffər ordumuz tərəfindən qazanılan qələbədən danışıb. Bununla yanaşı bir sıra məqamlara aydınlıq gətirib.

-Hörmətli Musa müəllim. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Belə qısa zamanda əldə edilən uğuru necə dəyərləndirərdiniz?

-Böyük tarixi qələbənin, zəfərin sevincli günlərini yaşayırıq. Azərbaycan müstəqilliyini əldə edəndən sonra çox təəssüf ki, bu günlərə qədər öz ərazi bütövlüyünü təmin edə bilməmişdi və müstəqil Azərbaycanın qanunları, bayrağı heç də Azərbaycanın hər yerinə şamil olunmamışdı. Biz bu qələbəni 44 gün ərzində əldə etdik ancaq bu qələbəyə 30 il yol getdik. Müstəqilliyimizin ilk illərində çox təəssüflər olsun ki, ölkədə lazımi rəhbərlik olmadı, ölkə rəhbərliyinin səriştəsizliyi, xalqı öz ətrafında birləşdirə bilməməsi, xarici ölkələrin Azərbaycanı gözü götürməməsi və bu cəhətdən müxtəlif separatçı cəhdlərin bizə sırınması, ölkədə vətəndaş həmrəyliyinin olmaması, iqtisadi çətinliklər, ordu quruculuğunun olmaması, ermənilərin Qarabağda separatçı hərəkatının müharibəyə çevrilməsi bizi məğlub durumla qarşı-qarşıya qoydu və 93-ci ilin yayında bütövlükdə Azərbaycan dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə gəldi. Ərazilərimizin geniş hissəsi işğal olundu. Ölkədə vətəndaş müharibəsi başladı. Elə həmin anda xalq növbəti dəfə müdrikliyini göstərərək ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Heydər Əliyevin hakimiyyətə gəlməyi ilə ölkədə milli qurtuluş, dövlətçiliyin xilası, vətəndaş müharibəsinin qarşısının alınması prosesi başladı. Bunlar bizim yaxın tariximizin həm acı həm də ibrət götürməli səhifələridir. Heydər Əliyev hadisələri idarəetməyi çox gözəl bilirdi və çox gözəl bilirdi ki, belə şəraitdə Azərbaycan dövlətçiliyini necə xilas etmək olar, torpaqlarımızı işğaldan necə azad etmək olar və buna görə də 1994-cü ilin 12 mayında Bişkek şəhərində imzalanan protokolla Qarabağda uğursuz müharibə dayandırıldı və Qarabağ probleminin həll olunması danışıqlar prosesi ilə davam etdi. Çox təəssüflər olsun ki, bu məqsədlə yaradılan Minsk Qrupunun həmsədr ölkələri prosesi daha da uzatmaq, münaqişəninin həllini ermənistanın xeyrinə həll etmək üçün müxtəlif bahənələrlə problemin çözülməsinə əngəl oldular. Halbuki onların missiyası BMT-nin qəbul etdiyi qətnamələri qeyri-şərtsiz yerinə yetirməkdən ibarət idi. Bu problem uzanırdı. Bununla paralel Azərbaycan dövləti öz qarşısına məqsəd qoymuşdu. Güclü dövlət qurmaq, ordu quruculuğunu yüksəltmək və diplomatik təmasların artırılması. Bu proses cənab prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-ci ilin əvvələrində daha sürətlə inkişaf etməyə başladı. Azərbaycan özünün milli müdafiə sənayesini yaradıldı. Bu sahəni idarəedəcək nazirlik yaradıldı. Və artıq biz modern ordu quruculuğunda yeni mərhələyə qədəm qoyduq. Eyni zamanda həmin dövrdə bizim zabitlərimiz Türkiyədə NATO səviyyəsində təhsil aldılar, təlim keçdilər və Azərbaycan ordusu demək olar ki, yenidən quruldu. Artıq Azərbaycanın siyasi qüdrəti də, iqtisadi gücü də, ölkə vətəndaşlarının da mövcud iqtidar ətrafında sıx birləşməsi də torpaqlarımızı işğaldan azad etməyə əsas verirdi. Ancaq cənab prezident İlham Əliyev və Azərbaycan siyasəti, Azərbaycan dövləti beynəxalq qanunlara hörmətini ifadə edərək BMT-nin qətnamələrinin icrasını ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gözləyərək sədaqətini axıra kimi nümayiş etdirdi. Buna baxmayaraq son 3 ildə Ermənistan iqtidarı, xüsusən Paşinyanın hakimiyyətə gəlməsi isə təxribatçı bəyanatlar verməklə sülh danışıqlarının formatını dəyişməklə bütövlükdə isə Dağlıq Qarabağ Ermənistandır deməklə münaqişənin həllində sülh danışıqlarına olan son ümidi də öldürdü. Tovuzda və Tərtərdə təxribatçı hərəkətləri və sentyabr ayında başladıqları əməliyyatlara Azərbaycan ordusu qətiyyətlə cavab verdi. 44 gün ərzində Azərbaycan Ordusu zəfər yürüşü edərək özünün işğal altında olan torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Bu qələbə haqqında çox kitablar yazılacaq. Çox danışılacaq. Həm hərb tarixində, həm şanlı tariximizdə bu qələbənin misli yoxdur. Azərbaycan ordusunun Şuşa zəfəri dünyanın aparıcı, güclü orduların rəhbərliyi səviyyəsində araşdırılır. Bu taktikanın gedişi, həyata keçirilməsi öyrənilir. Mən sonda bu qələbəni şərtləndirən 4 amili qeyd etmək istəyirəm. Güclü dövlət, güclü rəhbər, güclü ordu və güclü vətəndaş həmrəyli məhz cənab İlham Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri də bu birliyi formalaşdırmaqdır. Biz bu birliklə həm ərazilərimizi işğaldan azad etdik həm də ki, bölgənin taleyini, tarixini dəyişdik. Bölgədə yeni mərhələ başlayıb. Bu quruculuq, abadlıq mərhələsidir. Artıq Azərbaycan bölgədə söz sahibinə çevrilib. Heç şübhəsiz ki, gələcəkdə də Azərbaycanın və bölgənin inkişafı üçün artıq proqramlar hazırlanır.

-Xalq-iqtidar birliyinə nail olmaq uzun prosesdir. Günümüzdə bu birlikdən doğan QƏLƏBƏNİ sizə necə yaşayırsınız?

-Xalq-iqtidar birliyi bütün dövlət və millətlərin hər zaman arzuladıqları və çox zaman nail olmadıqları bir birlikdir. Xalq-iqtidar birliyinin əsasında ədalətli qanunlar ədalətli idarəetmə və xalqın arzularından doğan sosial layihələr və bu layihələrin ədalətlə həyata keçirilməsi dayanır. Cənab İlham Əliyev xalq-iqtidar birliyi üçün nə lazımdırsa o işləri həyata keçirir. İstər dünya azərbaycanlılarının Azərbaycan dövləti ətrafında birləşdirilməsi, istər Azərbaycan vətəndaşlarının bir amal uğrunda birləşməsini təmin etdi. Azərbaycanda fikir, söz azadlıqları və bütün instsional hüquqlar təmin olunub. İnsanların sosial, təhsil, sağlamlıq hüquqları həyata keçirilib və bütün bunların hamısında da ədalət hökm sürür. İnsanlar ədalətsiz görərlərsə heç bir kəsin, heç bir iqtidarın ətrafında uzun müddət qalmazlar. Eyni zamanda milli- mənəvi dəyərlərin qorunması, inkişafı, mədəniyyətimizin dünyaya təqdim olunması, Azərbaycan çoxmillətli və çoxkonfessiallı bir ölkədir. Bütün etnik quruplara, dini mənsubiyyətdən asılı olmayaraq hörmət və ehtiram göstərilməsi, Azərbaycanda milli birliyin, həmrəyliyin formalaşmasına çox ciddi təsir göstərmişdir. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər xüsusi qeyd olunmalıdır. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilk olaraq Azərbaycanda birinci xanım institutunu yaratdı və Heydər Əliyev Fonduna başçılıq edərək hümanist missiyanı öz üzərinə götürdü. Bütün ehtiyacı olan vətəndaşlara eyni münasibət bəslənildi, qazilərimizə, valideny himayəsindən məhrum uşaqların qayğılarını dövlətlə bərabər Fond da öz üzərinə götürdü. Eyni zamanda müxtəlif ölkələrdə xeyriyyəçilik işləri görüldü ki, bütün bunlar Azərbaycana dostlar qazandırdı. Müxtəlif idman yarışlarının təşkilatçılığı, musiqi festivallarının, ölkəmizdə hümanitar formların keçirilməsi də ölkədə həm milli birliyimizin formalaşmasına həm də dünyada müsbət imicimizin yaranmasına gətirib çıxardı. Ölkədə keçirilən seçkilər də bunu sübut etdi ki, Azərbaycan xalqı birmənalı olaraq İlham Əliyev iqtidarını dəstəkləyir. Eksterimal vəziyyətlərdə xalq hər zaman prezidentini öz yanında gördü ona inandı və güvəndi. Xalq bu dəstəyi görür və bu dəstəyi qiymətləndirir. Milli birliyin olması milli ordunun özü qədər əhəmiyyətli məsələdir . Bundan sonrakı dövrdə Qarabağda həyata keçirəcəyimiz quruculuq-abadlıq işlərinin milli birliyimizi daha da artıracaqdır.

-Sizin vətənpərvərlik və haqq-ədalətin bərqərar olunması ilə bağlı şeir və poemalarınız var. Əldə olunan qələbə yaradıcılığınıza necə təsir edəcək?

-Hər bir xalqı, milləti birləşdirən bir ideya olur. Bu ideya xalqı, milləti, dövləti, bayrağı ətrafında birləşdirir və yaşadır. Azərbaycanda da bu ideyanı bizə ümumilli lider Heydər Əliyev bəxş edib. O, azərbaycançılıq ideyasını irəli sürdü. Bu ideya təkcə Azərbaycanda yaşayan vətəndaşlarınd eyil eyni zamanda bütün dünyada yaşayan azərbaycanlıları məhz bir məqsəd uğrunda birləşdirdi. Bizim milli-mənəvi dəyərlərin qorunması, tərənnüm olunması, mədəniyyət, tariximizi öyrənmək də bu ideyanın tərkib hissəsidir. Millilik və bəşərilik məsələlərinin də bir müstəvidə qoyulması, bu məsələlərin biri-birinə qarşı deyil eyni prizmada qoyulması və inkişaf etdirilməsi bizi inkişaf etdirən amillərdən biridir. Hesab edirəm ki, bizim ədəbiyyatımız da mədəniyyətimiz də bu istiqamətdə fəaliyyət göstərərək milli birliyimizi daha da möhkəmləndirməlidir. Bu da vətənpərvərlik hissinin formalaşmasında ən önəmli məsələdir. Heç şübhəsiz ki, ədəbiyyatın tarixdə rolu hamımıza bəllidir. Çox təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində Qarabağda uğursuz döyüş əməliyyatlarından sonra müstəqilliyin şirin dadını doyunca dada bilməmişdik və rahat da deyildik. Ədəbiyyatda da bu yarımçıqlıq kompleksi hiss olunmaqda idi. Yazdığımız əsərlərdə də bədbin notlar var idi. Öz qəhrəmanlarımızı da ürəkdən tərənnüm edə bilmirdik. Çünki torpaqlarımız düşmən işğalı altında idi. Hesab edirəm ki, zəfər günü, zəfər bayramı bizim həyatımızda, ədəbiyyatımızda da yeni səhifə açacaq. Bundan sonra da Qarabağ döyüşləri, qəhrəmanları haqqında romanlar, povestlər şeirlər poemalar yazılacaq. Burda artıq qəhrəman Azərbaycan əsgərinin, zabitinin, qəhrəman şəhid anasının obrazı canlandırılacaq. Biz bu zabitləri böyüdüb boya başa çatdıran qəhrəman ata və analarımız haqqında əsərlər yazacayıq. Eyni zamanda mən düşünürəm ki, biz Qarabağ həqiqətlərini, Azərbaycanın apardığı zəfər, haqq ədalət işini dünyaya çatdırmaqdan ötrü filmlərdən istifadə etməliyik. Ermənilərin uzun müddət dünyaya sırıdığı yalan ondan ibarət idi ki, Qarabağ müharibəsi əslində torpaq müharibəsi deyil, bu barışmaz, milli, etnik məsələdir. Biz ədəbiyyatımızda bunu təqlid etməliyik ki, Azərbaycan çoxmillətli, çoxkonfessial bir ölkədir. Azərbaycan xalqı hər bir millətlə problemsiz yaşayır. Tolerant millətik. Biz ayrı seçkilik salmırıq. Biz qalib millətik, qalibik. Təbii ki, erməniləri yaxşı tanıyırıq. Biz dünyaya azadlıqsevər, ədalətli Azərbaycan xalqı, Azərbaycan ordusu obrazını ortaya çıxartmaq üçün filmlər çəkməliyik. Biz bu yöndə qardaş Türkiyənin kinomotoqrafçılarından istifadə edə bilərik. Çünki, Türk kinomotoqrafçılarının son illərdə çəkdiyi filmlər bütün dünya tərəfindən maraqla izlənilir. İndən sonra ancaq qələbəni və gələcək uğurlarımızı məth edən əsərlər üzərində düşünəcək.

Ədil Ədilzadə