“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...”

"Məlum Xocalı faciəsi zamanı mənim hər iki valideynim şəhid olublar. Atam "Mixaylo” ləqəbli Hüseynov Tofiq Mirsiyab oğlu "Qisasçı” Xocalı özünümüdafiə taborunun komandiri olmuş, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, Ümummilli lider Heydər Əliyev tərəfindən "Qızıl medal”la təltif edilmişdir. Faciədə valideynlərimlə birgə babam, iki nənəm, əmim, bibim, xalam, xalamın iki azyaşlı uşağı və xalam oğlu olmaqla 49 nəfər yaxın qohumum şəhid olmuşlar. 

Valideynlərimiz şəhid olduqdan sonra mən və iki bacım əmimin himayəsində böyümüşük. Bu illər ərzində bizim ailə dövlətimizin və Heydər Əliyev Fondunun xüsusi diqqət mərkəzində olub. Bütün məcburi köçkünlər kimi məndə Qarabağın işğaldan azad olunmasını, ata-baba yurdum olan Xocalıma  qayıtmağı arzulamışam” 

Bu sözləri Moderator.Az-a açıqlamasında Milli Qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynov deyib.  
Murad Hüseynov həmçinin ermənilərlə birgə Xocalıda yaşamağın çətinliklərindən də danışıb.

"10 noyabr bəyanatına əsasən Dağlıq Qarabağın rayonları Xankəndi, Xocavənd, Ağdərə və Xocalıda Azərbaycan vətəndaşı olan dinc ermənilərin yaşamağına icazə verildi. Mənim fikrimcə və televiziyadan, sosial şəbəkələrdən gördüyümüz kimi sözü gedən rayonlarda Ermənistanın xunta rejimindən, indiyədək səfalət içində yaşamaqdan bezmiş, Ermənistan vətəndaşlığından canını qurtarmaq istəyən erməni əhalisi qalıb yaşayacaqdır. Artıq onlar Azərbaycanın qanunlarına tabe olacaqlar, Azərbaycanın vətəndaşı sayılacaqlar.Azərbaycanda azərbaycanlı vətəndaşı necə təhlükəsiz yaşayırsa onlar da təhlükəsiz yaşayacaqlar. Onların təhlükəsizliyinə dövlət təminat verir. Bunun bariz nümunəsi, 44 günlük əks-hücum zamanında Ermənistan ordusunun tam əksi olaraq Azərbaycan ordusu dinc erməni əhalisinin ölümünə səbəb olmadı, döyüş bölgəsindəki erməni əhalinin ərazini tərk etməsi üçün hümanitar dəhlizi açıq saxladı. 
Təbii ki, mənfur düşmənimizlə birlikdə yaşamaq bizim üçün olduqca çətin olacaq. Çünki onların nəinki Xocalı faciəsində, bu faciədən əvvəl də törətdikləri müsibətlər bizim yaddaşımızdan silinməyib. Bizim hələ yaralarımız sarılmayıb, heç nə gözümüzün önündən getməyib. Amma bir həqiqət var ki, Xocalı bizimdir, orda babalarımızın, doğmalarımızın ruhu dolaşır. Yaxşı olardı ki, ermənilər orda bizlə birlikdə yaşamasınlar, amma yaşayırlarsa qanunlarımıza tabe olmalıdırlar. Mən inanmıram ki, başımıza gətirdikləri bu qədər hadisələrdən sonra onlar orda yaşamaq istəyəcəklər. Onlarda vicdan hissi yoxdur, əgər az da olsa varsa çıxıb gedəcəklər. Amma biz hər zaman Xocalıda olacağıq, oranı yenidən bərpa edəcəyik, öz evimizdə rahat və dinc şəraitdə yaşayacağıq. Azərbaycan dövlətinin qanunları və Cənab Prezidentimiz İlham Əliyevin apardığı siyasət, onun qəbul etdiyi qərarlar bizim üçün ən ali olanıdır. Düşünürəm ki, Xocalıda dinc əhalinin qırğınına səbəb olmuş, bu əməllərin törədilməsində iştirak etmiş, eləcə də onlarla əlbir olan və onlara kömək edənlər hər biri fərdi qaydada ədalət məhkəməsinə çıxarılacaqlar” - deyə Milli qəhrəmanın oğlu bildirib.

Əli Novruzəliyev