"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində respublikanın hüquq mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən zəruri tədbirlər cari ilin ötən dövründə də uğurla davam etdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ölkə.Az-a verilən məlumata görə, iyulun 21-22-də respublikanın şimal-qərb bölgəsindəki meşə massivlərində DİN-in aidiyyəti qurumlarının əməkdaşlarının, həmçinin Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə "Xaş-Xaş 2016” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Xüsusi təyinatlı nəqliyyat vasitələrinin və helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin xüsusi aqrotexniki qaydada - kultivasiya yolu ilə yetişdirilməsinə dair 22 fakt müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 1 ton 450 kiloqram olan 4187 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.
Toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işləri başlanılaraq zəruri əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.