"Eurovision-2016"nın qalibinə xalq artisti adı verildi"

Mayın 14-də baş tutan "Eurovision-2016" mahnı müsabiqəsinin qalibi Ukrayna təmsilçisi Camala olub. Onun ifa etdiyi "1944” adlı mahnı 534 səs toplayıb. Mahnı təxminən 200 min Krım tatarının 1944-cü ildə Stalin tərəfindən yurdlarından sürgün edilməsindən bəhs edir, nəqarət hissəsi türk dilindədir, söz və musiqisi ifaçıya məxsusdur.

Ukrayna prezidenti Pyotr Poroşenko "Eurovision-2016” mahnı müsabiqəsində birinci yeri tutan Camalanı mükafatlandırıb. Poroşenko Camalaya "Ukraynanın xalq artisti” adını verib.

Bir müddət əvvəl, Ermənistanda müsabiqənin yayım hüququna malik telekanal ikinci yarımfinalda Ukraynanı təmsil edən Camalanın ifası zamanı efiri kəsib.  Buna səbəb isə müğənninin "1944" mahnısının nəqarətini tatarca oxuması olub. Camalanın mahnısının nəqarətinda Krım türkcəsində oxuduğu zaman ekran qaralıb və yalnız Norveç təmsilçisi səhnəyə çıxandan sonra yayım bərpa olunub. Bu isə Avropa Yayım Birliyinin (AYB) qaydalarına ziddir.