Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün Azərbaycana baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.
TQDK-dan Oxu.Az-a verilən məlumata görə, nəticələr bu gün saat 20:41-dən etibarən Komissiyanın internet saytında yerləşdirilib.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 442 namizəddən 8 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 434 namizəddən 373 nəfəri müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
Ən yüksək nəticə 86 bal olub.
Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi avqustun 1 dən 7 dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.