Füzuli Azərbaycanın ən gözəl şəhərlərindən olacaq 

Üç il öncə müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuz ermənilər tərəfindən viran hala salınmış Füzuli rayonunu işğaldan azad etdi. 17 oktyabr 2020-ci ildə Füzuli şəhərində Azərbaycanın üçrəngli bayrağı dalğalandı. Həmin gün tariximizə “Füzuli şəhəri günü” kimi düşdü. Artıq üçüncü ildir ki, 17 oktyabr tarixi Azərbaycanda, xüsusilə də, Füzulidə şadyanalıqla qeyd olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il “Füzuli şəhəri günü”ndə bu doğma yurda səfər edib, Füzuli şəhərinə köçmüş sakinlərlə görüşdü, onların sevincinə sevinc qatdı.

Dövlət başçısı şəhər sakinləri qarşısında çıxışında bir məqama xüsusi diqqət yetirdi. Bu, gənc nəslin Füzuli şəhərinə köçüb burada yaşamasına böyük maraq göstərməsi idi.

“Şadam ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq”, deyə Prezident qeyd etdi.

Həqiqətən də, Qarabağ torpaqları işğaldan azad olunandan az sonra ictimaiyyətdə bəzən belə bir fikir vardır ki, məcburi köçkünlər ora qayıtmayacaqlar. Bu cür zərərli fikri dövriyyəyə buraxanlar qeyd edirdilər ki, köçkünlərin əksəriyyətinin Bakıda və digər şəhər, rayonlarda evləri, iş yerləri, biznesləri və s. var. Onlar o rahatlığı qoyub ermənilər tərəfindən xaraba günə qoyulmuş Qarabağa getməzlər.

Amma biz bu gün bunun əksini görürük. Nəinki Qarabağlılar, hətta digər rayonlardan olanlar böyük həvəslə cənnət-məkana, gülüstana çevrilən o diyara köçüb yaşamaq istəyirlər.

“Məcburi köçkünlər Qarabağa qayıtmayacaq” tezisini təbliğ edənlər Azərbaycan xalqının öz doğma diyarına nə qədər bağlı olduğunu hesablaya bilməmişdilər. Bəlkə də, bunu qəsdən edirdilər ki, qələbəmizə kölgə salsınlar.

Hələ işğal dövrünə qədər cənab Prezident keçmiş məcburi köçkünlər üçün salınan yeni şəhərciklərin açılışında bəyan edirdi ki, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır.

Doğrudan da, azad olunmuş rayonlarda aparılan tikinti-quruculuq işləri heyrətamzdir. Heç kəs inanmırdı ki, Azərbaycan dövləti öz daxili imkanları hesabına qısa müddət ərzində bu nəhəngliyində, möhtəşəmliyində şəhərlər, kəndlər sala, yollar, körpülər tikə bilər.

Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilib, Ağdamda və Zəngilanda və orada bizim bütün layihələrimiz təqdim edilib.

Bir çox beynəlxalq ekspertlər də təsdiq edirlər ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğundur.

Cənab Prezidentin də qeyd etdiyi ki, azad edilən rayonlarda yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var.

Azərbaycan Qarabağda ilk şəhərsalma layihəsini məhz Füzulidə həyata keçirdi. Füzuli şəhəri tam yenidən quruldu. Ermənilər Laçın, Şuşa və digər rayonlardan fərqli olaraq Füzulidə, Ağdamda, Qubadlıda, Cəbrayılda bir dənə də sağ bina buraxmamışdılar.

Füzuli azad olunanda bir salamat bina yox idi ki, orada Bayrağımızı qaldıraq.

Bu gün Füzulidə 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Füzuli və azad olunan digər rayonlarımızda məktəblər, universitetlər, xəstəxanalar, başqa inzibati binalar tikilib istifadəyə veriləndən sonra orada yaşayanların və yaşamaq istəyənlərin sayı daha da artacaq. Azərbaycan insanı, gənci çox zəhmətsevərdir. İnsanlar karyera qurmaq, ailələrini dolandırmaq üçün ucqar kəndlərdə müəllim, həkim işləyirlər, xarici ölkələrə üz tuturlar. Təbii ki, bu cür işgüzar gənclər sevə-sevə Qarabağda işləmək, yaşamaq istəyəcəklər. Gənclərimizi Qarabağa bağlayan tək maddi maraqlar, rahat mənzillərdə yaşamaq deyil, onların vətənə bağlılıqlarıdır. Qarabağımızı Ali Baş Komandanın rəhbərliyi altında gənclərimiz azad etdi, desəm yəqin ki, yaşlı nəsil məndən inciməz. Məhz həmin gənclər bu gün Qarabağda şəhərlər, kəndlər salırlar, gözəllik yaradırlar. Həmin gənclər gələcəkdə Qarabağın iqtisadi gəlirlərinin artmasında, daha doğrusu, ölkə iqtisadiyyatındakı payının artmasına böyük töhfə verəcəklər.

Füzuli, Ağdamda görülən işlər onu deməyə imkan verir ki, bu rayonlar, şəhərlər yaxın gələcəkdə Azərbaycanın ən inkişaf etmiş, səliqəli, baxımlı rayonları, şəhərləri olacaq.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı