Gənclər Babək rayonunda yaşayan şəhid ailələrini ziyarət ediblər

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Nehrəm qəsəbəsi və Araz kəndində yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları bu məqsədlə şəhidlərimiz – leytenant Məmmədov Ümid Fərman oğlu, MAXE-əsgər Teymurov Elvin Mustafa oğlu və leyntenant Niftəliyev Ümid Oruc oğlunun ailə üzvləri ilə görüşüb, şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söz açıblar.

Gənclər və idman nazirinin müavini, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.

İştirakçılara şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər.

Qeyd edək ki, bu tipli ənənəvi görüşlərin təşkili bundan sonra da diqqətdə saxlanılacaq. Məqsəd şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaqdır.