Gənclər Fondunun kollektivi Naxçıvan Biznes Mərkəzində

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan Biznes Mərkəzində olublar.

Mərkəzin bələdçisi bildirmişdir ki, mərkəzdə muxtar respublikada 100-ə yaxın istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən müxtəlif tikinti, ərzaq, geyim, mebel nümunələri, yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, dağ-mədən, metallurgiya, avtomobil sənayesi, rabitə və digər sahələrin məhsulları nümayiş olunur. Həmçinin muxtar respublikamızdakı iri özəl sektor təmsilçiləri ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının, istedadlı insanların, o cümlədən istedadlı qadınların əl işləri və məhsulları da burada öz yerini tutub.

Vurğulanıb ki, Naxçıvan Biznes Mərkəzi bu gün muxtar respublika iqtisadiyyatının, xalq sənətkarlığının inkişafında və təbliğində əhəmiyyətli rol oynayır. Buna görədir ki, mərkəz muxtar respublikamıza gələn turistlərlə yanaşı, yerli və xarici ölkələrin rəsmi qurumlarının nümayəndələrinin də marağına çevrilib. Buraya gələn hər kəs heç bir istehsal obyektinə getmədən muxtar respublikanın özəl sektoru haqqında dolğun məlumat ala bilir. Eyni zamanda Naxçıvan Biznes Mərkəzi hazırda müxtəlif biznes forumların, beynəlxalq konfransların, işgüzar görüşlərin keçirilməsinə də öz töhfəsini verir.