Gənclərin məşğulluğunun təmin olunması baxımından mühüm tədbir

Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Ötən dövrdə Azərbaycanda vətənpərvər, dövlətinə, xalqına sadiq gənc nəsil yetişib. Biz onların son illərdə əldə etdikləri böyük uğurların, nailiyyətlərin şahidi oluruq. Bu uğurların ən böyüyü isə Azərbaycan gənclərinin Vətən müharibəsində göstərdikləri şücaətdir.

AZƏRTAC xəbər verir ki, bunu yanvarın 29-da gənclər və idman nazirinin müavini Fərhad Hacıyev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən “Gənclər həftəsi” çərçivəsində Bakı Gənclər Mərkəzində baş tutan karyera sərgisində jurnalistlərə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, Azərbaycanda yetişən istedadlı, savadlı, geniş dünyagörüşünə malik gənclər ölkə həyatının bütün sahələrində uğurla çalışaraq karyera qururlar: “Bu gün Bakı Gənclər Mərkəzində baş tutan karyera sərgisində gənclərimiz fəal iştirak edirlər. Gənclər və İdman Nazirliyi uzun illərdir Azərbaycan Gəncləri Gününə həsr olunmuş karyera sərgiləri keçirir. Karyera sərgisi gənclərin məşğulluğunun təmin olunması baxımından önəmli tədbirlərdən biridir. Budəfəki sərgidə 15-dən çox şirkət tərəfindən 500-dən çox vakansiya təklif olunub”.

Nazir müavini məzunların iş tapa bilmələri üçün belə tədbirlərin məzun gününə qədər keçirilməsinin planlaşdırıldığını bildirib. Karyera sərgilərinin regionlarda da təşkilinin nəzərdə tutulduğunu qeyd edən F.Hacıyev deyib: “Gənclər həftəsi” çərçivəsində bizi daha maraqlı tədbirlər gözləyir. Bu həftə regionlarda da çoxlu tədbirlər planlaşdırmışıq. Ümumiyyətlə, karyera sərgilərinin digər qurumlarla birgə geniş miqyasda keçirilməsi üçün bir sıra işlər nəzərdə tutulub”.