"Geosiyasi vəziyyət Avropa ölkələrinin alternativ enerji mənbələri axtarışlarını daha da intensivləşdirib”

“Artıq xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olub. İlk növbədə qeyd edək ki, “Avropa siyasi birliyi” yeni təşəbbüs olaraq, qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması kimi yaradılıb. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Təbii ki, Azərbaycanın Zirvə Toplantısına dəvət olunması ölkəmizin dünyada və Avropada getdikcə artan nüfuzundan xəbər verir və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri kimi çıxış etdiyini vurğulayır. Həmçinin bu dəvət Azərbaycan – Avropa İttifaqı əlaqələrinin çox gözəl perspektivlərə sahib olduğunu bir daha təsdiq edir. Lakin cənab Prezident İlham Əliyevin Praqa səfərinin daha önəmli nəticələri dövlət başçımızın bu səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlıdır.”

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərinin nəticələrini Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirmək lazımdır: “Praqada Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda qəbul edilmiş birgə bəyanat ilk növbədə ölkəmizin maraqlarına tam cavab verir. Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Beləliklə, Ermənistan Azərbaycanın suverenliyini tanımaqla ölkəmizin Qarabağ üzərində hakimiyyətini tanımış olur. Bu isə birmənalı olaraq Azərbaycanın növbəti diplomatik qələbəsidir. İkinci bir tərəfdən, Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcək. 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı dövlət başçımızın peşəkar diplomatiyası sayəsində qəti şəkildə alındı. Cənab Prezident İlham Əliyev Praqada Azərbaycan telekanallarına verdiyi müsahibəsində xüsusi olaraq vurğuladı ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar və artıq bu ilin sonunadək razılaşmaya nail oluna bilər. Əlbəttə ki, sülh müqaviləsində Qarabağın erməni əhalisinin müqəddəratı barədə heç bir müddəa yer ala bilməz. Çünki bu, Azərbaycanın daxili məsələsidir və Azərbaycan bu mövzuda heç bir iknici tərəflə müzakirələr aparmaq niyyətində deyil. Əlbəttə ki, kommunikasiyaların açılması, konkret olaraq Naxçıvana quru yolun verilməsi məsələsi də hazırlanacaq sülh müqaviləsinin hissəsi ola bilməz. Çünki bu, Ermənistanın 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir və mahiyyətcə kommunikasiyalar indiyədək artıq açılmalı idi. Lakin bu məsələdə də hələ ki, təmkin göstərir.”

Daha sonra N.Aslanov Azərbaycan–Aİ əməkdaşlıq əlaqələrinin geniş inkişaf perspektivlərinə malik olduqlarını vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycam Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə fəal əməkdaşlıq aparır. Təbii ki, bu əməkdaşlığın ən önəmli istiqaməti enerji sahəsidir. Məlumdur ki, mövcud geosiyasi vəziyyət Avropa ölkələrinin alternativ enerji mənbələri axtarışlarını daha da intensivləşdirib. Bu səbəbdən qitədə Azərbaycanın enerji resurslarına və ilk növbədə təbii qaza tələbat kəskin şəkildə artıb. Bu ilin iyul ayında Avropa İttifaqı ilə Bakıda imzalanmış Anlaşma Memorandumuna əsasən növbəti illərdə Azərbaycan Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırır. Əgər keçən il ixrac həcmi 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu göstərici ən azı 18 milyard kubmetr olacaq. Əlbəttə ki, Azərbaycanda enrjiyə olan daxili tələbat da sürətlə artmaqdadır. Buna həm müsbət demoqrafik vəziyyət, həm sənayenin inkişafı, həm də işğaldan azad edilmiş ərazilərdə artıq başlanmış məskunlaşma prosesi zəmin yaradır. Məhz buna görə də Azərbaycan özünün təbii qaz ehtiyatlarını səmərəli istifadə etməlidir. Bu məqsədlə hazırda yeni qaz yataqları istismara düşür və mövcud qaz yataqlarından hasilat artırılır. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması təcrübəsi də getdikcə genişləndirilir ki, bu da öz növbəsində böyük həcmdə təbii qaz ehtiyatı yaradılmasına imkan verəcək”, - deyə Novruzəli Aslanov öz fikirlərini sona çatdırıb.