Güclü iqtisadiyyat, etibarlı tərəfdaşlıq və dayanıqlı gələcək

Anar Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı proqram xarakterli çıxışı ölkəmizin yeni iqtisadi inkişaf modelinin strateji çərçivəsini və qlobal investisiya xəritəsindəki güclü mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçısının təqdim etdiyi dərin təhlil və gələcəyə hədəflənmiş tezislər göstərir ki, Azərbaycan son 20 ildə formalaşdırdığı dayanıqlı iqtisadi bünövrəyə söykənərək, keyfiyyətcə yeni inkişaf və şaxələnmə mərhələsinə qədəm qoyur.

Cənab Prezidentin vurğuladığı kimi, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem olmasaydı, bu gün gələcək inkişaf hədəflərindən danışmaq mümkün olmazdı. Müstəqilliyin ilk illərində – 1990-cı illərin əvvəllərində tənəzzülə uğramış sənaye, dərin iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsi və Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalan ölkəmiz, bu gün tamamilə fərqli bir reallıq yaradıb. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi və bunun yarısının birbaşa xarici investisiyaların payına düşməsi Azərbaycana olan beynəlxalq etimadın bariz göstəricisidir. Ölkəmizin maliyyə dayanlığı hazırda qlobal miqyasda ən yüksək göstəricilərdən birinə malikdir. Məhz bu maliyyə müstəqilliyi və siyasi sabitlik Azərbaycanı qlobal geosiyasi təlatümlərin və risklərin artdığı bir dövrdə xarici investorlar üçün ən etibarlı və proqnozlaşdırılan “təhlükəsiz liman”a çevirir.

Uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrin potensialından maksimum faydalanmaq hazırkı dövrün əsas tələbidir. Bu gün ölkə ÜDM-nin 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşsə də, ixrac strukturunda qeyri-neft payının artırılması əsas hədəf kimi müəyyən edilib. Dövlət başçısı çıxışında iqtisadiyyatın gələcək hərəkətverici qüvvəsi olacaq bərpaolunan enerji və “Yaşıl keçid”, logistika, nəqliyyat və multimodal bağlantılar, mədənçilik, rəqəmsallaşma və süni intellekt, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı kimi prioritet sahələri xüsusi olaraq diqqətə çatdırdı. Belə ki, Azərbaycan nəhəng bərpaolunan enerji potensialına malikdir. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq külək enerji potensialı mövcuddur. Quruda artıq Günəş və külək elektrik stansiyaları fəaliyyətdədir. Əsas hədəf elektrik enerjisi istehsalında təbii qaz istehlakını minimuma endirmək, qənaət olunan qazı ixraca yönəltmək və önümüzdəki 5 il ərzində ölkənin hər yerində “yaşıl enerji” mənbələri formalaşdırmaqdır. “Yaşıl enerji”yə keçidlə yanaşı ölkəmiz bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək regional logistika qovşağına çevrilib. Dənizə birbaşa çıxışı olmayan ölkə olmasına baxmayaraq, fiziki infrastrukturun qurulması, dəmir yollarının 60 faizinin elektrikləşdirilməsi, 9 beynəlxalq hava limanının tikintisi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi bu uğurun əsasını qoyub. Sevindirici haldır ki, bu il Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi 16 milyon tona çatacaq.

Mədənçilik, rəqəmsallaşma və süni intellektlə bağlı yaxınlarda qəbul edilmiş 4 illik Dövlət Proqramı mədənçilik sektoruna böyük təkan verəcək. Eyni zamanda, bol və ucuz enerji potensialı ölkəmizdə süni intellekt data mərkəzlərinin yaradılması və daxili rəqəmsal tələbatın ödənilməsi üçün geniş imkanlar açır.

Qlobal iqlim dəyişiklikləri və su qıtlığı fonunda isə daxili bazarı qorumaq, idxaldan asılılığı azaltmaq üçün qəbul edilən dövlət proqramı kənd təsərrüfatına xarici və yerli investisiyaların cəlb edilməsini stimullaşdırır.

Şaxələndirmə siyasətinə rəğmən, neft və qaz iqtisadiyyatda aparıcı rolunu saxlamaqda davam edir və buradan əldə olunan gəlirlər yenidən iqtisadiyyatın digər sahələrinə yönəldilir. Forum çərçivəsində “Exxon” şirkəti ilə qeyri-ənənəvi yataqların işlənilməsi və “Total” şirkəti ilə “Abşeron” yatağının ikinci mərhələsi üzrə imzalanan sazişlər hasilatı daha da artıracaq. Bununla yanaşı, Azərbaycan artıq təkcə karbohidrogen resursları deyil, elektrik enerjisi ixracatçısı kimi Avropanın və regionun enerji təhlükəsizliyində strateji rola malikdir. Coğrafi baxımdan Qafqazda yerləşməsinə baxmayaraq, Azərbaycan siyasi, iqtisadi və nəqliyyat baxımından artıq böyük Mərkəzi Asiya regionunun ayrılmaz hissəsidir və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvüdür.

İqtisadi inkişafın və rəqəmsal transformasiyanın əsasını peşəkar kadrlar təşkil edir. Dövlət başçısının qeyd etdiyi kimi, texnologiyanı satın almaq mümkündür, lakin təcrübə və insan kapitalı zamanla formalaşır. 2003-cü ildən start verilən xaricdə təhsil üzrə Dövlət Proqramları, fəaliyyət gösterən Kibertəhlükəsizlik Mərkəzi və ölkədəki 100 faizə yaxın savadlılıq səviyyəsi güclü kadr bankı yaradıb. Neft-qaz sənayesində 30 il əvvəl əcnəbi mütəxəssislərin payı 90 faiz idisə, hazırda bu göstərici 5 faizə enib ki, bu da milli kadr potensialının parlaq sübutudur.

30 illik işğala son qoyaraq öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan, bu gün həm də iqtisadi suverenliyin və inkişafın nümunəsini göstərir. Dövlətimizin 30 il əvvəl imzaladığı müqavilələrə sədaqəti, investorların hüquqlarını tam qoruması və sabit vergi-hüquq mühiti ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı proqramvari çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan təkcə regional layihələrin icraçısı deyil, qlobal iqtisadi trendləri müəyyən edən, investorlar üçün geniş imkanlar açan və gələcəyə inamla addımlayan lider dövlətdir.