Hacıqabul rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevral ayının 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Hacıqabul rayonunun Meyniman, Ələtli kəndlərində və Muğan qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, təşviqat qrupunun üzvləri Sahib Aslanov, İradə İbrahimova, Aynur Əsədova, Həbib İbrahimov və Vüsal Nağıyev çıxış ediblər. Azərbaycanın çoxəsrlik tarixinin yeni dövrünü yaşadığını deyən natiqlər seçiciləri bu mərhələdə ölkəmizin uğurlu inkişafının davamına, Böyük Qayıdış prosesinə, müxtəlif sahələr üzrə yeni köklü islahatların davamına səs verməyə dəvət ediblər.

Seçicilər cənab İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycanın yeni hədəflərə doğru inamla irəlilədiyini, habelə fevralın 7-də keçiriləcək prezident seçkilərində xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.