Haqlının gücü qarşısında bütün məkrli planlar iflasa məhkumdur

Sentyabrın 27-dən başlayaraq, demək olar ki, hər gün torpaqlarımızın işğaldan xilas edilməsi-bayram tarixlərini yaşayırıq. Bu tarixlərin hər biri müqəddəsdir. Çünki onlar şəhidlərimizin canı-qanı, qazilərimizin sağlamlığı, Azərbaycan əsgər və zabitinin şücaəti, fədakarlığı sayəsində ərsəyə gəlib. Torpaqlarımızın 28 illik əsarətinə son qoyan 44 günlük Vətən müharibəsində elə bir gün olmayıb ki, qəhrəman Azərbaycan ordusu geriyə addım atsın. Hər gün yalnız irəli gedərək yağı düşməni qarşısından tazı kimi qaçmağa məcbur edən  Azərbaycanın igid övladları sübut etdilər ki, onların Vətən və torpaq sevgisi qarşısında düşmən də, ona havadarlıq edənlərin birgə səyləri də acizdir. Tarixi qələbəmizin təməlində inam, qətiyyət və fədakarlıq nümunələri dayanır. Azərbaycan xalqı 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi ki, milli qürurumuzu xilas etmək üçün haqq savaşına yalnız qələbə naminə çıxıb və bu savaşda son nəfərinədək Ali Baş Komandanı ilə bir yerdədir. Bədxahlarımızdan bir çoxu bu möhtəşəm birliyin sirrini hələ də dərk edə bilmir. Onlardan bəziləri bunu gözləmirdilər və onu əvvəlcədən proqnozlaşdıra bilmirdilər. Digəriləri real mənzərəni görsələr də, siyasi maraqları bu həqiqəti etiraf etməyə imkan vermirdi, bu gün də vermir. Onlardan heç biri başa düşmədi ki, Azərbaycan xalqı onu qələbəyə aparan böyük mübarizə  yolunun önündə yalnız Prezident İlham Əliyevi görür və Ali Baş Komandan kimi yalnız ona inanır, eyni zamanda, Azərbaycan bu illər ərzində Qələbə naminə həyatından və sağlamlığından hər an keçməyə hazır olan qəhrəman övladlar diyarına çevrilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür versin.

Torpaqlarımızın işğaldan azad edilməsi o deməkdir ki, Qarabağa  Böyük Qayıdışın astanasındayıq. Cəmiyyətimiz üçün artıq sirr deyil ki, hətta ədalətinə güvəndiyimiz dünya güclərindən bəziləri Ermənistanla birgə qələbənin önünü kəsməyə, onu əngəlləməyə və ya ləngitməyə çalışırdılar. Məhz onların gözləri qarşısında Ermənistan Qarabağda çoxsaylı eşalonlardan ibarət olan mühəndis-istehkam qurğuları tikib, qanunsuz məskunlaşdırma siyasətini həyata keçirib, yaşayış məskənlərimizi yerlə yeksan edib, məscidlərimizi və məzarlarımızı dağıdaraq onları təhqirə məruz qoyub, torpaqlarımızı başdan-ayağa minalayıb.  Sadalanan vandallıq aktları beynəlxalq konvensiyalara görə, hətta ayrı-ayrılıqda insanlıq əleyhinə yönəlmiş müharibə cinayətləri hesab olunur. Amma bu gün ədalətdən dəm vuranlar zamanında bu cinayətləri görmədilər. Görsələr də, bir çoxu özünü görməzliyə vurdu. İkili standartlar və ayrı-seçkilik onlara mane oldu. Bu ölkələr Xocalı soyqırımını indiyədək tanımayıblar. Müharibə günlərində Gəncənin, Tərtərin, Bərdənin, Mingəçevirin və digər rayonlarımızın mülki əhalisinin Ermənistan tərəfindən qadağan olunmuş silahlarla hədəf seçilməsinə hələ də beynəlxalq səviyyədə adekvat qiymət verilməyib, ictimai şəkildə sərt qınanmayıb. Ermənistanın minaladığı ərazilərlə bağlı təqdim etdiyi  bir-iki xəritənin dəqiqliyi isə heç 25 faizi aşmır. Bu illər ərzində vandallar Qarabağı, yaşayış məskənlərimizi o dərəcədə dağıdıblar ki, rayon və şəhərlərimizin, kəndlərimizin bərpasını sıfırdan başlamaq məcburiyyətindəyik. Əgər Azərbaycan iqtisadi cəhətdən indiki qədər müstəqil və üzləşdiyi çətinlikləri öz gücünə həll etmək imkanında olmasaydı, şübhəsiz ki, Ermənistan kimi ölkəmiz də kimlərinsə qapısında növbə tutmalı olardı. Vaxtilə Bakı-Tbilisi-Qars dəmir yolunun və digər transmilli layihələrin reallaşmasına mane olmuş siyasi dairələrin bu cür müraciətlərimizə ədalətlə yanaşacaqıarı da böyük suallar altındadır. Azərbaycan Qarabağın bərpasını heç kimə müraciət etmədən, heç kimdən kömək gözləmədən daxili imkanları hesabına həyata keçirir.

Qürur və məğrurluq üzərində ucalan tarixi Zəfər Günündən dərhal sonra Qarabağda start verilən genişmiqyaslı quruculuq və bərpa işləri, həqiqətən, qürurvericidir. Qısa bir müddətdə minalanmış ərazilər üzərindən Şuşaya Zəfər yolunun çəkilişi, Füzuli Beynəlxalq Hava Limanının ərsəyə gətirilməsi, şəhər və kəndlərimizin yenidən qurulmasına başlanılması, elektrik və su xətlərinin, yolların inşası  o deməkdir ki, dədə-baba torpaqlarımıza elliklə qayıdışımıza az qalır. Doğmaları, əcdadları  Qubadlının Mahmudlu kəndində dəfn olunmuş şəxslərdən biri kimi mən də o günü səbrsizliklə gözləyirəm və buna imkan yaratmış tarixi Qələbəmizə imza atanlarla qürur duyuram. Oktyabrın 25-i Qubadlının düşmən tapdağından xilasının  birinci ildönümüdür...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də, işğaldan azad olunmasının ilk ildönümündə Füzuli rayonuna səfər etdilər. Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, Füzuli şəhərinin və Füzuli Memorial Kompleksinin, eləcə də  Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak etdilər. Dövlətimizin başçısı  rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə quruculuq işlərinin bütövlükdə Qarabağı və Şərqi Zəngəzuru əhatə etdiyini xüsusi vurğuladı: “Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib...Biz Füzulidən Şuşaya elektrik xətləri çəkdik...Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli bu gün qoyulmuşdur... Görürsünüz, biz bu yolları qısa müddət ərzində çəkdik. Biz hətta Şuşaya qədər Zəfər yolunu çəkdik və indi Füzuli-Şuşa maqstiral yolunun çəkilişi gedir. Hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Bu gün Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu...”Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək”.

Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyəti qarşısında çıxışı zamanı bu müjdəni də verdi ki, Zəngilanda birinci kəndin inşası artıq yekunlaşmaq üzrədir. Bu gün nəinki dünya azərbaycanlıları, eləcə də böyük Türk dünyası və haqqın tərəfində dayanan bütün sivil cəmiyyətlər ölkəmizin uğurlarına həm sevinir, həm də bizlərlə birgə qürur hissi keçirirlər. Çünki müstəqil Azərbaycan dövləti heç vaxt indiki qədər güclü olmayıb və son iki əsrlik tarixində bu miqyasda olan qələbələrə imza atmayıb. Dövlətimizin başçısı Füzulidə qardaş və dost xalqları sevindirəcək, bədxahlarımızı isə, həmişə olduğu kimi, məyus edəcək bu açıqlamanı da verdi: “Bu işləri görmək üçün əlbəttə ki, biz uzun illər işləmişik. Uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün şərait yaratmışıq, imkanlar yaratmışıq-texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları...Artıq mənə verilən məlumata görə, doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb. Ancaq hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq”.

 

İşğalçı Ermənistan və onun xaricdəki havadarları, erməni lobbi mərkəzləri elə düşünürdülər ki, Qarabağı viran qoyaraq yaşayış məskənlərimizi yer üzündən silməklə dədə-baba torpaqlarımıza Böyük Qayıdışı əngəlləyə biləcəklər. Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz Füzulidən başlayan Zəfər missiyasının qarşısında aciz qalan Ermənistanda yəqin, nəhayət, başa düşəcəklər  ki, onların bütün məkrli planları haqqın və haqlının gücü qarşısında iflasa məhkumdur. O da şübhəsizdir ki, Prezidentimizin Füzulidə səsləndirdiyi növbəti açıqlama hər bir azərbaycanlının mənəvi ruhunu nə qədər oxşayıbsa, bədxahlarımızı və müstəqil Azərbaycanın uğurlarına qısqanclıqla yanaşanları bir o qədər məyus edib:  “Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir”.

 

Ülvi Quliyev

Milli Məclisin deputatı