Haqqın zəfər salnaməsi

Ötən ilin dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirildi. Azərbaycanın və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin prezidentlərinin qatıldıqları paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Həmin gün Zəfər paradındakı çıxışında həmin gününün sevincini yenə də xalqla bölüşən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi.

Azərbaycan xalqı ötən əsrin doxsanıncı illərinin əvvəllərində ərazilərimizin 20 faizinin düşmənin nəzarəti altına keçməsi faktı ilə heç vaxt barışmadı. Ermənistanın işğalçılıq siyasəti ucbatından yaranan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsi həmişə Azərbaycanın gündəliyində bir nömrəli məsələ kimi dayandı. Prezident İlham Əliyev müxtəlif beynəlxalq təşkilatların ali kürsülərindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri özünəməxsus diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Uzun illər müharibə şəraitində yaşayan Azərbaycan Dağlıq Qarabağı, ətraf 7 rayonu geri qaytarmaq, özünün ərazi bütövlüyünü tam təmin etmək, həmçinin iqtisadi potensialını, maliyyə imkanlarını artırmaq, ordusunu gücləndirmək istiqamətində ardıcıl siyasət apardı. Hər il dövlət büdcəsindən Ordunun maddi-texniki təchizatını mökəmlətmək, şəxsi heyətin döyüş hazırlığını artırmaq məqsədilə işğalçı Ermənistanın ümumi büdcəsindən çox həcmdə maliyyə vəsaitləri ayrılırdı. Zəfər paradı bir daha təsdiqlədi ki, bu gün Ordumuzun arsenalında dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan döyüş texnikası var.

Ölkəmiz üç onillik ərzində davam edən münaqişənin həllinə məhz öz Ordusunun gücü ilə nail oldu. Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində düşmənə layiqli dərs verdi və onun hərbi birləşmələrini darmadağın etdi. Vətən müharibəsində qazanılan parlaq qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Silahlı Qüvvələrimizin Vətən müharibəsində parlaq qələbəsini dəyərləndirən Prezident İlham Əliyev vurğulayırdı: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Əminə Ağazadə
Milli Məclisin deputatı