Həmrəylik səlnaməsi

Mehriban xanım Əliyeva Azərbaycan ictimai-siyasi həyatına xeyirxahlıq və mərhəmət mücəssiməsi kimi qədəm qoyub. O çox qısa müddətdə milli və beynəlxalq arenada mədəniyyət və incəsənətin hamisinə, sosial sferada milyonların son ümid yerinə çevrilməyi bacardı. Məhz şəxsiyyətinin yüksək keyfiyyətləri və ali missiyaları böyük uğurla reallaşdırması onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunu və Birinci xanım institutunu istənilən digər strukturdan daha çox vətəndaş müraciəti qəbul edən, taleyüklü problemlərin həllində müstəsna rol oynayan təsisata çevirib. Nəticə etibari ilə, Mehriban Əliyeva şəxsiyyəti bu gün Azərbaycanda sosial gərginliyin azaldılması, milli barış və daxili həmrəyliyin yaranıb möhkəmlənməsində müstəsna rol oynayan zərif, lakin qüdrətli güc, Heydər Əliyev ideologiyasının isə ikinci aparıcı qüvvəsidir.

Sirr deyil ki, 44 günlük savaş ümumilikdə regionda vəziyyəti köklü dəyişdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Cənubi Qafqazın diqtə edən dövlətinə çevrilən Azərbaycan son nəticədə bu gün tarixin heç bir dövründə olmadığı qədər güc və nüfuz qazandı. Heç şübhəsiz ki, bu yüksəlişdə ölkənin Birinci vitse-prezidentinin özünə məxsus, amma müstəsna rolu var. O, hər şeydən öncə milli kimliyimizdə vicdan, ədalət, mərhəmət, xeyirxahlıq, ümid və həmrəylik təcəssümü, milli barışdırıcı qüvvə, beynəlxalq arenanda isə rəhbərlik edib həyata keçirdiyi siyasi-humanitar layihələrlə ləyaqətli Azərbaycan qadının dünyaya güzgüsüdür.
Yəqin, hər kəs razılaşar ki, prezident İlham Əliyevin əsas liderlik xüsusiyyətlərindən biri zamanın tələbini doğru qiymətləndirməsi, optimal və adekvat addımlarla bütün zərurətləri fürsətə çevirə bilməsidir. Mehriban xanım Əliyevanın Birinci vitse prezident vəzifəsinə təyinatı da məhz dövlət başçısının böyük uğurla sosial sifarişi və zərurəti zamanında reallaşdırması hesab edilməlidir. Maraqlıdır ki, cənab Prezidentin bu qərarının uğur əmsalını müşahidə etmək üçün uzun müddət gözləmək lazım olmadı. Məhz bu təyinatın reallaşdığı 2017-ci il Azərbaycanda köklü kadr islahatlarını üçün dönüş nöqtəsi oldu və reformasiyada Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi, Mehriban xanım özünü bir daha yüksək liderlik keyfiyyətləri və idarəçilik bacarığı ilə təsdiq edərək kifayət qədər mürəkkəb siyasi proseslərdə yumşaq keçidin təminində vacib rol oynadı, milli həmrəyliyin zədələnməsinə imkan vermədi. Birinci xanımın qorunmasında müstəsna rol oynadığı həmrəyliyin zərurəti və birliyin gücünü isə Vətən müharibəsinin hər anında, eləcə də mürəkkəb post müharibə periodunda aydın şəkildə gördük və görməkdəyik. 
Müharibə dövründə dövlət başçısı hərbi-siyasi cəbhələrdə savaşarkən, Mehriüdban xanım informasiya cəbhəsində təşkilatlanmanı həyata keçirdi, düşmən blokun məqsədli feyk xəbər selinə münasibətdə nəhəng əks cəbhə quraraq ən azı elə ordumuzun sürəti ilə bütün cəbhələrdə üstünlüyü ələ aldı. Habelə, hətta dinc dövrdə belə, ən ağır sahə hesab edilən sosial sferanın bütün müharibə qayğılarını üzərinə götürdü, şəhid və qazi ailələrinin ən böyük təsəllisinə çevrildi. Proseslərin içində olan biri kimi tam səmimiyyətimlə deyirəm ki, evlərə gələn hər bir şəhid tabutun ağırlığı Mehriban xanımın çiyinlərində iz buraxdı. 
Post müharibə dövründə isə Mehriban xanım dövlət başçısı ilə bərabər işğaldan azad olunmuş bütün əraziləri qarış-qarış gəzməkdədir. Əskərimiz işğaldan azad olunmuş  ərazilərimizə qədəm qoyar-qoymaz  vandalizmə məruz qalmış millli kimlik izlərimiz olan mədəni-dini abidələrimizin Mehriban xanımın rəhbərliyi və şəxsi nəzarətində bərpasına start verdi. Məhz onun çevik idarəçiliyi, həssas vətəndaş mövqeyi və qətiyyətinin nəticəsi olaraq çox qısa müddətdə təşkil olunan Şuşa festivalının atəşfəşanlığı düşmənin ürəyinə ox kimi saplandı.
Bütün bunlar Mehriban xanımın fəaliyyətinin hələ görünən, bilinən tərəfləridir. Onun ən ucqarlara qədər uzanan mərhəmətinin, imdadına çatdığı insanların hesabı, sayı düşüncələrə sığmayacaq qədər böyükdür. Ən azı onun özünün ürəyi qədər böyük. 
Bu gün bu böyük ürək sahibinin doğum günüdür. 
Doğum gününüz mübarək, xeyirxahlıq və mərhəmət dolu İNSAN!

Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı