Hər yeni təyinat dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər yeni təyinatı dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu təyinatlar həm də əhalinin böyük əksəriyyətinin razılığı ilə qarşılanır.

İyul ayının 25-də Masallı, Lerik və Göygöl rayonlarının icra hakimiyyətinin yeni başçıla¬rının təyin olunması ilə əlaqədar qəbulda ölkə başçısının çıxışı məhz bu mahiyyətin təsdiqi kimi dinlənildi.

Çıxış son illərdə Azərbaycanda sosial-iqtisadi inkişafın konturlarını, səviyyəsi haqqında gerçək məlumatları, bu istiqamətdə Dövlət Proqramının mahiyyətini əhatələdi. Cənab Prezident çıxışında onu da qeyd etdi ki, geniş abadlıq-quruculuq işləri görülür, infrastruktur layihələri yerinə yetirilir, problemlərin böyük əksəriyyəti aradan qaldırılır.

Son illərdə ölkədə elektrik enerjisi ilə təchizat geniş miqyasda yerinə yetirilir. Bu, respublikanın bütün rayonlarını əhatələyir, hər rayonda müasir tipli xəstəxanalar, məktəblər inşa edilir.

Lerik rayonunda əksər infrastrukturlar Azərbaycanın müstəqillik əldə etdiyi vaxtlardan əvvəl yaradılmışdı. Son illərdə bu rayonda kifayət qədər yeniləşmələr həyata keçirilmişdir.

Azərbaycan tolerant, bəşəri dövlətdir. Belə bir dövlətdə dövlətçiliyə yad iş üslubu ilə işləmək dövlətə qarşı cinayət hesab edilir. Ölkədə bir neçə icra başçısı cinayət məsuliyyətinə cəlb olunub. Digər icra başçıları bu məsuliyyəti bütün çalarları ilə dərk edir. Yeni təyinatlar da bu dərketmənin tərkib hissəsi olacaq, şübhəsiz.

İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində şəhid olanların ailələrinə xüsusi diqqət göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Dövlət tərəfindən bu diqqət kəsilməz diqqətdir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır”.

Ölkədə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir. Lakin bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Ölkə başçısının çıxışında deyildiyi kimi, icra başçıları özləri sahibkarları rayonlara cəlb etməlidir. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir bu rayonları turizm mərkəzinə çevirmək əsas vəzifələrdən biridir.

Çıxışda Göygöl, Masallı və Lerik rayonlarında müasir istirahət zonalarının, otel komplekslərinin inşa edilməsi diqqətə çatdırılıb. Ölkə başçısı qeyd edib ki, bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl Göygöl gölü də ictimaiyyət üçün açıldı. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir. Nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır.

İdarəetmədə çox ciddi islahatlar aparıldığını, çox böyük təmizləmə işləri getdiyini diqqətə çatdıran cənab Prezident bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bəzi qanunsuz işlərə təhrik edən insanların hakimiyyətdən uzaqlaşdırıldığını da bildirərək qeyd etdi ki, hakimiyyət təmizlənir və insanlar bunu görürlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri” fikirləri Azərbaycan ictimaiyyətinə kifayət qədər gözəl könül xoşluğu yaşatdı.

Səbinə XASAYEVA

Milli Məclisin deputatı