“Heydər Əliyev və Azərbaycan gəncliyi”: “İrəli” İBinşa müsabiqəsinin qaliblərini mükafatlandırdı

“İrəli” İctimai Birliyi tərəfindən gənclərin maarifləndirilməsi və hərtərəfli inkişafı sahəsində tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclər arasında inşa müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

İnşa müsabiqəsinin bağlanış mərasimi onlayn videokonfrans formatında həyata keçirilib. Tədbirdə münsiflər heyətinin üzvləri, müsabiqəyə qatılan gənclər iştirak ediblər. Tədbir zamanı diqqətə çatdırılıb ki, Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə dönüşü məhz 15 iyun tarixinə təsadüf edir. Bildirilib ki, bu tarixi gün sözün həqiqi mənasında Azərbaycanın qurtuluş günüdür. Bununla əlaqəli olaraq, “İrəli” İctimai Birliyi tərəfindən Ulu Öndərin 98-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən inşa müsabiqəsinin mükafatlandırma mərasimi məhz Milli Qurtuluş Günü ərəfəsində təqdim edilib.

Müsabiqənin bağlanış mərasimində çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib ki, təşkilat tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar indiyədək bir çox silsilə tədbirlər həyata keçirilib. “İrəli” sədri çıxışı zamanı vurğulayıb ki, müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün işıqlı həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Ulu Öndərin respublikaya rəhbərliyi dönəmində Azərbaycan tənəzzül dövründən tərəqqi dövrünə qədəm qoymuş, görülən işlər nəticəsində ölkəmizdə bütün sahələrdə böyük uğurlar qazanılmışdır.

Daha sonra müsabiqənin münsiflər heyətinin üzvləri – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti və müasir dövrdə Azərbaycan gəncliyinin rolu” mövzusunda çıxış ediblər.

Sonda müsabiqə üçün təqdim edilib münsiflər heyəti tərəfindən qiymətləndirilən inşaların qalibləri açıqlanıb. Beləliklə, 1-ci yerin qalibi Günəş Əliyeva, 2-ci yerin qalibi Arif Rəhimov və 3-cü yerin qalibi Taleh Mansurov mükafatlandırılıb.