Hikmət Babaoğlu: Azərbaycan enerji resurslarını heç vaxt siyasi və ya hərbi alətə çevirməyib

 

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin təməl prinsipləri hələ 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi ilə müəyyənləşdirilib. Həmin dövrdən sonra yeni geosiyasi və iqtisadi şərtlərə uyğun olaraq Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri müxtəlif mərhələlərdə daha da inkişaf edib, şaxələnib və dərinləşib.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, növbəti mühüm mərhələ isə Avropa İttifaqı ilə enerji əməkdaşlığı çərçivəsində Cənub Qaz Dəhlizinin reallaşdırılması oldu. Tarixi hadisə olan bu layihənin həyata keçirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətləri tamamilə yeni müstəviyə çıxardı.

“Artıq bu əməkdaşlıq təkcə qaz ixracı ilə məhdudlaşmır və yaşıl enerji istiqamətində yeni dəhlizlərin formalaşması məsələsini də gündəmə gətirir. Bu baxımdan təkcə Cənub Qaz Dəhlizindən deyil, həm də yaşıl enerji dəhlizindən danışa bilərik”, – deyə o əlavə edib.

Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanın enerji siyasətində mühüm strateji ardıcıllıq mövcuddur və ölkəmiz dəyişən qlobal şərtlərə uyğun şəkildə öz enerji strategiyasını çevik şəkildə yeniləməyi bacarıb. Azərbaycanın Avropa üçün cəlbedici tərəfdaş kimi qəbul olunmasının digər mühüm səbəbi ölkəmizin hər zaman etibarlı tərəfdaş kimi çıxış etməsidir. Ölkəmiz heç vaxt enerji siyasətini hərbi və ya siyasi təzyiq alətinə çevirməyib.

Onun sözlərinə görə, yeni geosiyasi reallıqlar fonunda Orta Dəhlizin formalaşması və Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsündə Azərbaycanın mühüm rol oynaması ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Hikmət Babaoğlu qeyd edib ki, bu dəhlizin praktik müstəvidə fəaliyyətə başlaması və təhlükəsizliyinin təmin olunması region üçün tamamilə yeni bir mərhələdir.

Deputat bildirib ki, Orta Dəhlizin ən kritik hissələrindən biri olan Zəngəzur nəqliyyat xəttinin də etibarlı və davamlı marşrut kimi formalaşması Avropanın bu layihəyə marağını daha da artırır. Bu isə Azərbaycanın yenidən regionda mühüm cazibə mərkəzinə çevrilməsinə səbəb olur.

“1994-cü il sentyabrın 20-də imzalanmış Əsrin müqaviləsindən başlayaraq 2022-ci ildə Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlıq sənədinin imzalanmasına qədər uzanan yol göstərir ki, Azərbaycanın enerji siyasəti dərin strateji düşüncəyə əsaslanır və məhz bu siyasət ölkəmizin bu gün əldə etdiyi mühüm nailiyyətlərin əsasını təşkil edir”, – deyə Hikmət Babaoğlu vurğulayıb.