Hikmət Hacıyev Ermənistanın mina terrorundan bəhs etdi

"Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir". 

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb. 

Hikmət Hacıyev qeyd edib ki, bu gün Ermənistan silahlı qüvvələrinin Füzuli-Şuşa avtomobil yolunda qəsdən yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Yol Tikintisi İdarəsinin iki mülki əməkdaşı həlak olub: "10 noyabr 2020-ci il tarixindən mina qurbanlarının ümumi sayı 308 nəfərə çatıb. Erməni tərəfi bu cür hərəkətləri ilə qorxu salmağa, fərq qoymadan azərbaycanlı mülki vətəndaşları qətlə yetirməyə, azərbaycanlı məcburi köçkünlərin vətənə qayıtmasına və işğaldan azad edilmiş ərazilərdə mülki əhalinin yenidənqurma işlərinə mane olmağa, yeni salınan yolların nəqliyyat üçün bərbad olduğunu sübut etməyə çalışır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir".