REAL Partiyasının sədri İlqar Məmmədov ötən gün partiya sədrliyindən istefa verdiyini bildirib. O, seçkilərdə uğur qazana bilmədiyi üçün tutduğu vəzifədən getdiyini deyib.
"Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək", - deyə siyasətçi qeyd edib.
Sabahinfo.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan REAL Partiyasının icraçı katibi Natiq Cəfərli bildirib ki, İlqar Məmmədov partiyanın Siyasi Komitəsində qalmağa davam edəcək.
"İlqar Məmmədovun istefası çox güman ki, qəbul ediləcək. Çünki, bu, onun öz qərarıdır. Siyasi Komitənin sədri, partiyanın gələcəkdə atacağı siyasi addımlarla bağlı isə Siyasi Komitənin toplantısından sonra qərar veriləcək. İlqar Məmmədov siyasi komitədə qalacaq. O, REAL-ın siyasi fəaliyyətində məşğul olacaq", - o qeyd edib.