İltizam Yusifov: Vaksinasiya prosesində aktivliyi daha da artırmalıyıq

Dünya gündəmində bütün diqqət koronavirusla mübarizəyə yönəlib. Statistik göstəricilərdə baş verən artım tempi vəziyyətin ciddiliyindən xəbər verir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, həyata keçirilən profilaktik tədbirlərə baxmayaraq virusa yoluxma halının artması onu deməyə əsas verir ki, koronavirus təhlükəsi heç də sovuşmayıb. Bu səbəbdən hər bir vətəndaş koronavirusla mübarizədə müəyyən olunan normalara ciddi əməl etməlidir: “Hazırda bir sıra ölkələrdə koronavirusdan ölüm halları artmaqda davam edir. Qonşu Rusiya, Fransa, eləcə də inkişaf etmiş digər Avropa ölkələrinin gündəlik açıqladığı rəqəmlər yoluxmanın artması ilə yanaşı ölüm hallarının da durmadan artdığını göstərir. Bütün bunların fonunda Azərbaycanda da son günlərin statistikası dinamikanın müsbətə doğru inkişaf etdiyini göstərir. Təəssüfedici məqam isə ondan ibarətdir ki, bir sıra hallarda vətəndaşlar virusu ciddiyə almayıb sosial məsafə, sanitar-gigiyenik qorunma qaydalarına riayət etmirlər. Maskalardan istifadə hallarında yol verilən nöqsanlar artıma səbəb verən amillərdəndir. Əgər biz qapanmaların olmamasını istəyiriksə Operativ Qərargah tərəfindən müəyyən edilən normalara tam və qüsursuz əməl etməliyik. Əks təqdirdə nəinki qapanmalar hətta ölüm halları çoxala bilər”.

Deputat bildirib ki, Azərbaycan koronavirusla mübarizə sahəsində geniş təcrübə əldə edib və bu təcrübənin nəticəsi olaraq ölkəmizdə virusdan ölüm halları azdır. Ancaq bütün bunlar bizdə arxayınçılıq yaratmalı deyil. Bildiyimiz kimi, Prezident İlham Əliyevin göstərişi ilə modul tipli xəstəxanalar tikilərək istifadəyə verilib. Koronavirusla Mübarizə Fondu yaradılıb və bu Fondun kifayət qədər vəsaiti var. Eyni zamanda, bir sıra qabaqcıl ölkələrin tibb mütəxəssisləri Azərbaycana dəvət olunub, vaksinasiya məsələsində ciddi addımlar atılıb. Bir sıra ölkələrdə vaksin tapılmadığı halda Azərbaycanda vaksinasiya prosesi uğurla həyata keçirilir. Burada sadə bir məsələ qalır ki, vətəndaşlar öz sağlamlıqlarına biganə qalmasınlar, müəyyən olunan qaydalara tam və qeyd-şərtsiz əməl etsinlər.

İ.Yusifov onu da qeyd edib ki, virusun yeni və sürətlə yayılan “omikron” ştamı ilə mübarizədə əsas diqqət vaksinasiyada olmalıdır. Hər bir vətəndaş vaksinasiya prosesində aktiv iştirak etməlidir: “Bir çoxları vaksinasiya məsələsində gözləmə mövqeyi tutur. Hər hansı ciddi ehtiyac yarandığı təqdirdə poliklinikalara üz tuturlar ki, bu da nəticədə sıxlıqların yaranmasına səbəb olur. Eyni zamanda, biz orada çalışan tibbi personalın hansı gərginlikdə çalışdığını göz önünə gətirsək problemin dərinliyini hiss etmiş olarıq. Vaksinasiya elə bir prosesdir ki, burada hər bir kəs ilk öncə öz sağlamlığını düşünməlidir. Bilməlidir ki, həyata keçirilən proses nəinki onun sağlamlığını, eyni zamanda, ona yaxın insanların bu virusa yoluxmasının qarşısını alır. Aidiyyəti qurumlar bu yöndə maarifləndirmə işi həyata keçirir. Vətəndaşlarda da aktivlik hiss olunur. Statistika isə bizə onu deyir ki, vaksinasiya prosesində aktivliyi daha da artırmalıyıq”.