İnformasiya savaşı və vətəndaşlıq borcu

Geniş auditoriyaya çıxışa malik, ictimai statusunun, peşəsinin  müxtəlif növ informasiya almaq, ictimai rəyin formalaşmasına təsir göstərmək imkanı olan şəxslər, digərləri ilə müqayisədə daha böyük məsliyyət daşıyır. Böyük imkanlar, həm də böyük məsuliyyət deməkdir, bu məsuliyyətin dərk edilməsi isə vətəndaşlıq borcudur.

“Savaş, son savaş bitməyib, bitməyib, Səngər yanındakı çatdığım ocağın, Odun hənirtisi hələ keçməyib”.

Öz mahnıları ilə hər bir vətənsevər soydaşımızın ruhuna xitab edən Şəmistan Əlizamanlının “Hay ver mənə canab leytenant” mahnısınında bu hamımıza müqəddəs borcumuzu daim xatırlatdı . 44 günlük Vətən Müharibəsindən sonra  da bu çağırış öz qüvvəsində qalır,  son  savaş bitməyib,  yenə səfərbər, sərvaxt, ayıq-sayıq, əzimli, qətiyyətli, ən vacibi həmrəy olmalıyıq.  Düşmən, rəqiblər savaş baltalarını endirməyiblər, düşmən pusquda, rəqib gizlindədir, əsgərimiz səngərdə, döyüş növbəsində, diplomatımız masada, dövlətimiz ayaqdadır!

Bu gün bütün dünya məchul bir mərhələyə qədəm qoyub, ənənəvi  nizam, qüvvələr nisbəti, tarazlıq pozulub, mürəkkəb  coğrafiyda yerləşən ölkəmiz Qərb ölkələri ilə açıq mübarizə aparan iki dövlət- Rusiya və İranla həmsərhəddir,  regionumuz bu savaşdan ciddi şəkildə təsirlənir.  Digər qonşumuz Gürcüstanda daxili siyasi sabitlyə ciddi təhdidlər var. Belə mürəkkəb vəziyyətdə cəmiyyətimiz, dövlətimiz üçün əsas, başlıca vəzifə təhlükəsizliyimizə təhdidlərin qarşısının alınması, 44 günlük Vətən Müharibəsindən sonra  əldə etdiyimiz naliyyətlərin möhkəmləndirilməsi, daha da inkişaf etdirilməsidir.

Azərbaycan torpaqlarının, tarixi yurdumuzun müdafiəsi uğurunda 300 ildir ki, davam edən mübarizəmizdə böyük zəfər əldə etdik, lakin üç əsrlik amansız savaşın bitdiyini düşünmək sadəlöhvlük olardı. Hətta SSRİ-nin hər kəsin beyninə yeritmək istədiyi “kommunist dostluğu, qardaşlığı” ideyaları, ermənilərə bütün tarixi xəyanətlərini bağışlayıb qucaq açmağımız savaşı bitirmədi. Ermənilər 70 il silahla yox, diplomatiya, ideologiya ilə savaşdı, səngərdə deyil, masada, müzakirələrdə qələbə çaldı. Yenə ənənəvi siyasətə qayıdıblar, bütün beynəlxalq palatformaları, sosial şəbəkələri, KİV-i səngərə çeviriblər. Xüsusən sosial şəbəkələr və KİV üzərindən Azərbaycana qarşı total, amansız, heç bir sərhəd tanımayan savaş açıblar. Əsas silahları dezinformasiya, yalan və başlıcası nifaq salmaq, bölmək, parçalamaqdır.  Azərbaycana yönəlik informasiya savaşının əsas müstəvisi sosial şəbəkələrdir,  ermənilər cəmiyyətimizdə nifaq salmaq, həmrəyliyi zədələmək üçün aramsız informasiya hücumu edirlər, feyk xəbərlər dövriyyəyə buraxılır, sonra bu məlumatlara ekspert və rəsmilərin münasibəti ilə “səhihlik”  verilir, bu yalanlar ölkəmizdə milli birliyi, müdafiə qabiliyyətimizi zədələyəcək  müzakirələrə səbəb olur, qarşıdurma mühiti yaradır. Belə bir şəraitdə hər bir azərbaycanlı daim özünü səngərdə hiss etməlidir, silahmız sağlam düşüncə, ayıq-sayıqlıq, emosiya-hisslərlə deyil,  ağılla hərəkət etmək olmalıdır.  Hərbi qələbələrimizi informasiya, ideoloji savaşın amansızlıqla davam etdiyi şəraitdə məsuliyyətli, cavabdeh davranışımızla möhkəmləndirməli, töhfə verməliyik.

Xüsusən geniş auditoriyaya çıxışa malik,  ictimai statusunun, peşəsinin  müxtəlif növ informasiya almaq, ictimai rəyin formalaşmasına təsir göstərmək imkanı olan şəxslərin üzərinə böyük məsuliyyət düşür.  Bu cür şəxslərin digərləri ilə ilə müqayisədə daha məsuliyyətli olmaları, həm də cəmiyyətimiz, dövlətimiz qarşısında mənəvi öhdəlik kimi nəzərdən keçirilə bilər. Çünki, bu şəxslərin mesajları, ictimailəşdirdikləri fikirlər, ötürdükləri məlumatlar  ictimai rəyə təsir edir, müzakirələrə yol açır. Böyük imkanlar, həm də böyük məsuliyyət deməkdir, bu məsuliyyətin dərk edilməsi isə vətəndaşlıq borcudur.  Silahlı Qüvvələr,  müdafiə qabiliyyətimiz, təhlükəsizlik, milli maraqların qorunması məsələləri ilə bağlı nifaq, gərginlik yaradacaq, qarşıdurma mühiti formalaşdırmaq potensialına malik hər hansı hərəkətlər, təşəbbüslər  yolverilməzdir və hər kəs üçün “qırmızı xətt” olmalıdır. Xüsusən Silahlı Qüvvələr, təhülkəsizlik orqanlarına etimadsızlıq yarada bilən, müdafiə qabiliyyətimizin möhkəmləndirilməsi istiqamətdinə fəaliyyətlərə kölgə salan əməllərə heç bir səbəblə haqq qazandırıla bilməz. Dövlət bu sahədə qanunvericlik çərçivəsində ən sərt tədbirlər görməli və heç bir əmələ güzəşt olmamalıdır.

Şübhəsiz ki, bu məsələlərlə bağlı nöqsanlar, neqativ hallar, xətalar, səhvlərin olması istisna deyil. Əsas məsələ bunlara münasibətdir,  bu cür hallarla bağlı məlumatlar ətrafında süni ajotaj yaratmaq, manipulyasiya etmək, şəxsi maraqları güdməklə şişirtmək, emosional fon yaratmaq milli maraqlara xidmət etməkdən uzaq davranışdır.  Bir çoxlarına görə, bü cür hallar, hadisələrin, məlumatların ətrafında geniş müzakirə açılması, hərbi məsələlər də daxil bütün məsələlərin açıq-aşkar müzakirəsi xeyr əməldir və xoş niyyətdən xəbər verir. Müasir hərb strategiyasının əsaslarını yaradan Karl fon Klauzevis isə yazırdı ki, “müharibədə xeyirxahlıqdan doğan səhvlər  yanlışlıqlarn ən pisidir”.  Düşmən də elə bu fürsəti əldə etməyə çalışır, bu elə ən böyük manipulyasiyadır, bizləri inandırmağa çalışırlar ki, bu xeyr əməldir.  Son üç yüz ildə və 44 Günlük Vətən Müharibəsində gördük ki, ən böyük yanlış düşmən tərəfindən yaradılan miflərə, yalanlara inanmaqdır.

Hər birimiz, hay verərək hayqırmalıyıq ki, “Savaş, son savaş bitməyib, bitməyib, Səngər yanındakı çatdığım ocağın, Odun hənirtisi hələ keçməyib”.

Zaur İbrahimli, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri