İnsanın ruhu nə zaman azad olur?

Uca Allah Quranda buyurur: "Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur)". ("Bələd" 4).

İnsan bir tərəfdən ruhani və digər tərəfdən cismani tərəfə malikdir. Əbədi olan isə onun ruhudur. Ruhu bir müddət onun bədənində qonaq olar və sonra öz əbədi məkanına uçub gedər. Ruhun cisimlə bu dünyada birlikdə yaşaması onun üçün məşəqqətlidir. Çünki daima Allah tərəfindən imtahan olunar. "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır". ("Mülk" 2).

Allah Təala  buyurur ki, biz insanı məşəqqətdə yaratmışıq, əslində insan xilqətinə edilən işarədir. Çünki insanın xəlq olunmasındakı hədəf - İlahi imtahan, ibadət, Allahın qüdrətindən agah olmaq, İlahi rəhmətə çatmaq... kimi tanıdılmışdır.

Bu ayə onu demək istəyir ki, insan yer varlığı olduğu üçün nütfədən yaranır və sonra çoxlu yollar arxada qoymağa məcbur olur. Ta o zamana qədər ki, dünyaya gəlir. Dünyaya gələndən sonra da böyüməsi, cavanlığı, qocalması məşəqqət içində keçir.