İşığı böyük, ruhu möhtəşəm Şuşa

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşaya səfər etmək mənə də qismət oldu. Daosizm təlimində deyilir ki, sözlər fikirlər mütləq həqiqəti və məzmunu ifadə etməkdə gücsüzdür.

Məsələn, anadan kor doğulmuş bir insana işıq barədə hər şeyi öyrədə bilərsən, hətta o işıq haqqında nəzəriyyəni mükəmməl öyrənə bilər. Amma yenə onun təəssüratı nisbi olacaq. Çünki, o, işığı görməyib, onu hiss edə bilmir.

Şuşanı da anlatmaq üçün gərək özün bu hissləri yaşayasan, günlərlə vaxt keçirib küçə-küçə, çığır-cığır gəzəsən, dolaşasan… Daşlara, divarlara, ağaclara, otlara, güllərə sığal çəkəsən, saf havasını ciyərlərinə çəkəsən, doya-doya nəfəs alasan, şuşalılara kirimişcə qulaq asasan, axan suların zümzüməsinə qulaq verəsən… Bu baxımdan Şuşa haqqında nə qədər yazsaq sözlərimiz aciz qalacaq.  Ancaq ürəyimin səsinə qulaq asaraq, qəlbimdən gələni qələmə almağa çalışdım…

 Azərbaycan vətəndaşları vətən daşlarına sahib çıxdı

Tamamilə yerlə yeksan edilmiş Füzuli rayonunu, dağıdılmış kəndləri, yaşayış məskənlərini görəndə  özümdən asılı olmadan gözümün qarşısında II Dünya Müharibəsinin kinoxronikası canlandı.  Sanki, torpağın hər qarışı, uçurulan evlər, tikililər, divarlardan düşmüş daşlar erməni vəhşiliyi, vandallığı barədə danışır.  Bir vaxtlar güllü-gülstan olan həyətlər, bağ-bağçalar viranəyə çevirilib,  hiss edirdim ki, erməni vəhşiliyi təbiəti də diksindirib.

Füzuli rayonunun işğal altında  olmayan ərazisindən azad edilmiş hissəsinə keçid mənə rəngli kadrlardan ağ-qara kadrlara keçidi xatırlatdı. Daha çox isə yarıuçuq divarlarda, bəlkə də sarmaşıqlara, tikanlara  söykənməkdən güc alan və hər şeyə inad edərək divarda qalmağı bacaran daşlar gözümün önündən getmir.  Bu daşlar 30 il dözdülər, divardan düşmədilər, onları bu divara minbir arzu, diləklə hörən ev sahiblərinə sadiq qaldılar.  Azərbaycan xalqı da 30 il bütün fitnə-fəsadlara sinə gərərək bu daşalar kimi mübarizə ruhundan, dirənişindən əl çəkmədi və sonra daşına-torpağına, bu torpağı, daşı, bağ-bağçanı, yurdu murdarlamağa çalışan düşməni qovdu. Azərbaycan vətəndaşları, vətən daşlarına sahib çıxdı.

 

Zəfər yolu rəşadət yoludur, fədakarlıq, qətiyyət yoludur

Zəfər yolu ilə Şuşaya yol almaq, yolçu olmaq  mistik bir hissdir. Özümdən asılı olmadan “Cəngi” sədalarını, dəniz kimi dalğalanan meşələrdə, dağ yamaclarında, cığırlarda igid hərbçilərimizin, kəşfiyyatçılarımızın  pıçıltısını eşidirsən, qaçan düşmənin qorxusunu duyursan.  Zəfər yolu həm də, bir dövlət kimi Azərbaycanın gücünü, potensialını göstərir, bu cür mürəkkəb relyefdə,  qısa müddət ərzində  yol çəkmək, Şuşaya yol açmaq gerçəkdən hünər işidir. Zəfər yolu həm də bir rəşadət yoludur, fədakarlıq, qətiyyət yoludur. Bu yolun, hər santimetri, metri Azərbaycan Ordusu, onun Ali Baş Komandanının qətiyyətini, dəyanətini sərgiləyir. Aşırımlar, dağlar, dərələr, çaylar, meşələr Azərbaycanın Şuşanın, Qarabağımızın azadlığının necə çətinliklə başa gəldiyini göstərir. Zəfər yolu həm də yüksəliş, həm ucalığa, yeni başlanğıca gedən yoldur. Üzyuxarı, Şuşaya doğru yüksəldikcə mənən də ucalırsan, məğrurlaşırsan…

 

Xankəndi Şuşanın təsəllisini eşidir: “Az qaldı…”

Nəhayət Şuşa…Qürurumuzun,  Zəfərimizin,  Mədəniyyətimizin, Rəşadətimizin rəmzi şəhər.  Şəhərə yaxınlaşan və onu əhatə edən sıldırım qayaları görən kimi dahi Məmməd Arazın unudulmaz misraları beynimdə şimşək kimi çaxır: “Mamır olub qayasında bitərdim…”.  Şuşa-bu dörd hərfdə Azərbaycanın 30 illik həsrəti, göz yaşları,  əzabları, iztirabları, ucalığı, mərdliyi, dözümü, rəşadəti  ifadə olunub. Mənə elə gəldi ki, Şuşa bizi məğrur, qürrələnə-qürrələnə qarşıladı…Dostum, tanınmış jurnalist Anar Yusifoğlu demişkən, Şuşa erməni məkri, daha sonra işğalı ilə mübarizə apardı, bütün fitnələrə baxmayaraq hər qarışı, daşı, çınqılı, küçəsi, divarı ilə türk şəhəri olaraq qaldı. Ermənilər nə qədər çalışa da  Şuşa təslim olmadı, iliyinə qədər milli tariximizi, ruhumuzu ana bətninində olduğu kimi qorudu, bizə əmanət saxladı.  Xarı bülbül vətən nəğməsini qorudu, Cıdır düzü Qarabağ atlarının məğrurluğunu, şuşalıların mətinliyini, Göhvər Ağa məscidi inancı, İsa bulağı bərəkəti, diriliyi, Şuşa qalası mübarizliyini mühafizə etdi.

Şuşa küçələrində sanki Azərbaycan, Türkiyə bayraqları daha qürurla dalğalanır,  divarlar, hətta dağıdılmış evlər canlı təsir bağışlayır.  Divarlardakı əsəgərlərimizin nişanəsi olan yazılar isə mənə Orxon-Yenisey əlifbası, Göytürk əlifbası qədər möhtəşəm təsir bağışladı. Bu yazıları yeni tariximizin, başlanğıcımızın müqəddəs sətirləri kimi oxudum.

Şuşa sıldırımları hərb tarixində silinməz iz qoyan Azərbaycan əsgərinin hünərini, vətən sevgisini başa düşmək üçün əyani vəsaitdir. Allah Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinə rəhmət eləsin, qazilərimizə can sağlığı nəsib etsin! Bizlərə Qələbə, Zəfər, yeni tarix bəxş etdilər və yazdılar. Şuşada Üzeyr bəyin müsiqisini, Bülbülün səsini, Vaqifin, Xan qızı Natəvanın poeziyasını, Xan Şuşinskinin muğamını daha yaxşı dərk edirsən, mədəniyət beşiyi Şuşanın sirri-sehrindən lap kiçicik də olsa biz də pay aldıq…

Şuşanın ərazisi kiçik, işığı böyük, qüdrəti sonsuz, ruhu möhtəşəmdir…

Şuşa sürətlə öz əvvəlki görkəminə qovuşacaq, şəhərdə sürətli və geniş miqyasda tikinti və bərpa işləri gedir, hətta tikintidə çalışanlarda, infrastukturu bərpa edən işçilərdə belə böyük həvəs, çoşqu var. “Şuşanı yenidən qurmaq, yaratmaq hər adama nəsib olmur” – deyirlər.

Şuşadan ayrılanda Cıdır düzündən seyr etdiyim  Xankəndi gözümün önündən getmir. Xankəndi artıq hər səhər-axşam Azan səsi eşidir, Şuşanın təsəllisini duyur : “Az qaldı…”

Zaur İBRAHİMLİ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü