İSLAHAT DOĞRU ÜNVANA TAPŞIRILDIQDA UĞURLU OLUR

Dövlətlərin, cəmiyyətlərin təkamül prosesi mütləq qaydada islahatlardan keçir. Latın mənşəli “reformo” sözünün sinonimi olan islahat-qanunlar əsasında dəyişiklik deməkdir. Məqsəd cəmiyyətin həyat şərtlərinin yaxşılaşdırılması naminə qanunların daha işlək və səmərəli olmasını, dövlət idarəçiliyində effektivliyin artırılmasını təmin etməkdir. Bəzən nəzərdə tutulan institusional islahatların miqyası ümumxalq rəy sorğusunun-referendumun keçirilməsini də labüd edir. Sonuncu dəfə ölkəmizdə belə bir rəy sorğusu 2016-cı il sentyabrın 26-da keçirilib. Konstitusiyaya mühüm dəyişikliklərdən biri vitse-prezident institutunun təsis edilməsi ilə bağlıdır.

İnstitusional mahiyyətli yenilik dövlətə və cəmiyyətə o zaman daha çox fayda verir ki, onun icrası doğru ünvana həvalə olunur. Doğru ünvan dedikdə, böyük dövlət vəzifəsinin geniş səlahiyyətlərinin girovuna çevrilmədən ədaləti qorumağı bacaran, vəzifə kürsüsünə imtiyaz mənbəyi kimi deyil, xalqa xidmət imkanı kimi yanaşan və milli-mənəvi dəyərlərimizə ruhən bağlı olan yüksək intellekt sahiblərini nəzərdə tuturam. Sözsüz ki, vəzifə, xüsusilə yüksək vəzifə həm də inzibatçılığı, o cümlədən cəzalandırmaq funksiyasını nəzərdə tutur. Doğru seçilən

ünvan sahibi o şəxsdir ki, hətta labüd inzibati cəzanın tətbiqində humanistliyi və adekvatlığı gözləməyə qadirdir. Uğurlu təyinatın təsnifatında mühüm dəyərləndirmələrdən biri də dövlət siyasətinə sədaqət amilidir. Bu, ilk növbədə, o deməkdir ki, müəyyən olunmuş ali hədəflərə əlavə problem yaratmadan, əksinə, mövcud problemləri həll edərək ağılla xidmət göstərilir.

Sistem islahatlarının mükəmməlliyi institusional dəyişikliyin mahiyyətinə bağlansa da, ləyaqətli və layiqli şəxsiyyətlərin iştirakı olmadan qarşıya qoyulan hədəflərə yetişmək çətin olur. Senekanın dəyərli bir kəlamı var: “Qayda və göstərişlər yolu uzun, şəxsi nümunə yolu isə aydın və konkretdir”. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu ali vəzifənin icrasına başladığı gündən əməli fəaliyyəti ilə təsdiq etdi ki, ən məsuliyyətli və çətin vəzifə doğru ünvana həvalə olunduqda, cəmiyyətin gözlədiyi və arzuladığı nəticələr də qaçılmaz olur. Birinci vitse-prezidentin fəaliyyətinə ictimai etimadın təməlində dayanan əsas amil odur ki, Mehriban xanım cəmiyyətin görmək istədiyi şəxsi və konkret nümunələri ortaya qoyur. Onları təqdir edən cəmiyyətimiz yaxşı bilir ki, Birinci vitse-prezidentin irəli sürdüyü təşəbbüslər və gördüyü konkret işlər xalqımız və ölkəmiz üçün gərəklidir. Çünki atılan addımlar ictimai münasibətlərin həlimləşməsinə, ictimai maraqların daha çox

uzlaşdırılmasına, cəmiyəti narahat edən süni maneələrin aradan qaldırılmasına və qarşılıqlı hörmətə söykənən sivil davranış qaydalarının normaya çevrilməsinə xidmət edir. Şübhəsiz ki, bu cür səylər həm də dövlət-vətəndaş münasibətlərində etimadın dərinləşməsinə yeni imkanlar açır.

İstənilən cəmiyyətin həyatında humanizm və mərhəmət hissi xüsusi yer tutur. Bu cür hisslər dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildikdə isə, vətəndaş ən çətin anında belə, dövlət qayğısından kənarda qalmayacağına inanır və buna dəyər verir. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Talassemiyasız həyat naminə” layihəsi, “Dünya Diabet Günü” kampaniyası və bu kimi bir çox təşəbbüslər məhz Mehriban xanım Əliyevaya məxsusdur. Amnistiya aktlarından çoxunun Mehriban xanımın təşəbbüsü ilə bağlı olması da cəmiyyətimizin diqqətindən yayınmır və ictimai münasibətlərə yeni yön verir. Dövlət-vətəndaş münasibətindən söz düşmüşkən, şahidi olduğumuz səhnələrdən birini yada salmaq istərdim. Müharibə günlərində Prezident İlham Əliyev və Birinci xanım hərbi hospitalda müalicə alan yaralı əsgər və zabitlərimizi ziyarət etmişdilər. Görüşdən təsirlənən Mehriban xanım göz yaşlarını eynəyi altında gizlətməyə çalışırdı ki, düşmən görüb sevinməsin. Həmin səhnə böyük söz və fikir adamı Tolstoyun bu dəyərli kəlamını bir daha yada salır: “Bir kəs ki, ağrını hiss edir- canlıdır. O kəs ki, başqasının ağrısını hiss edir, o-insandır”.

Qeyd etdiyim kimi, doğru ünvanın seçimində sədaqət amili və sədaqətli silahdaş faktoru çox önəmlidir. Mehriban xanım eynilə Prezident İlham Əliyev kimi Ulu Öndər Heydər Əliyevin təkcə siyasi məktəbinin deyil, həm də həyat məktəbinin məzunudur və dövlətə, silahdaşına sədaqət təcrübəsini məhz bu ali məktəbdə qazanıb. Mehriban xanımın milli-mənəvi dəyərlərimizə ruhən bağlılığının təməlində həm də onun mənsub olduğu Mir Cəlal Paşayev ocağı dayanır. Elə buna görə də təsadüfi deyil ki, işğaldan azad olunan torpaqlarımızda məscidlərimizin bərpası, tarixi və mədəni abidələrimizə yeni həyatın verilməsi təşəbbüsü də Birinci vitse-prezidentə məxsusdur. Necə ki, ötən illər ərzində Mərdəkandakı “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovnadakı ”Cümə” və bir çox digər məscidlərimizdə təmir və bərpa işləri də məhz Mehriban xanım Əliyevanın adı ilə bağlı olub. Dəyərlərimizin qorunması ilə yanaşı, yetişməkdə olan gənc nəslin təhsilinə ayrılan diqqət də Birinci vitse-prezidentin çoxşaxəli fəaliyyət istiqamətlərindən biridir. Təkcə pandemiya dövründə, 2020-2021-ci illərdə

Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilib.

Mehriban xanım Əliyeva əldə etdiyi uğurlara görə bir çox xarici dövlətin və mötəbər beynəlxalq təşkilatların ali mükafatlarına layiq görülüb. Onların hər biri qürurvericidir, çünki hər birinin arxasında gərgin əmək, xalqımızın maraqlarına və bəşəri dəyərlərə əzmkar xidmət nümunəsi dayanır. Bununla belə, zənnimcə, Mehriban xanımın ən böyük mükafatı siyasi kursunu Prezident İlham Əliyevlə çiyin-çiyinə qətiyyətlə davam etdirdiyi Ulu Öndərin adı ilə bağlı olan “Heydər Əliyev” Ordeni və Azərbaycan xalqının sevgisidir.

Mahatma Qandinin öz həyat yolu ilə, mübarizə apardığı hadisə və şəxslərlə bağlı ibrətamiz bir kəlamı var: “Onlar əvvəlcə səni görməzdən gəlir, sonra sənə gülür, daha sonra səninlə mübarizə aparırlar. Sonda isə sən qalib gəlirsən”.

Ülvi Quliyev

Milli Məclisin deputatı