İsmayıllıda  “26 Fevral- Xocalı Soyqırımı”nın 30-cu ildönümü münasibətilə rəsm müsabiqəsi keçirilib

21 fevral 2022-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin təşkilatçılığı ilə “26 Fevral- Xocalı Soyqırımı”nın 30-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində yeniyetmələr və gənclər arasında rəsm müsabiqəsi keçirilib.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin əməkdaşı Günel Alızadə, o cümlədən, digər əməkdaşlar, yeniyetmə və gənclər iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd Xocalı qətliamı zamanı erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izlərinin nümayiş etdirilməsi, Xocalı həqiqətlərinin tanıdılması və gələcək nəsillərə çatdırılması olub.

Keçirilən tədbirdə I yeri Həmzə Ayişə, II yeri Əsgərov Malik, III yeri isə Mürsəlov Kamil qazanıb. Qalib gəlmiş iştirakçılar İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin hazırladığı diplomlarla mükafatlandırılıblar.