İsraillə 2 milyardlıq silah sazişi bu yaxınlarda imzalana bilər

Azərbaycan və İsrail 2 milyard dollar dəyərində silah təchizatı ilə bağlı müqavilə imzalamaq üçün danışıqlar aparır, bu barədə İsrailin "İsrael Hayom" qəzeti bildirir.

Qəzetə əsasən, İsraillə yeni silah sövdələşməsi bu yaxınlarda imzalana bilər.

Məqalədə İsrailin hava limanlarına müxtəlif növ döyüş sursatları üçün gələn Azərbaycan Müdafiə Nazirliyinə məxsus təyyarələrin müşahidə olunduğu deyilir.

Bu məlumatı nə Azərbaycan, nə də İsrail şərh edib. Lakin İsraillə Azərbaycanın müdafiə sahəsində sıx əməkdaşlığının mövcud olması sirr deyil.

Rəsmilər əməkdaşlığın təfsilatlarına dərindən varmağa meyl göstərmirlər. Lakin irihəcmli əməkdaşlığın konkret təzahürünü 2016-ci ildəki, aprel döyüşləri üzə çıxarıb.

O vaxt media təmas xəttində İsrailin Harop "intiharçı dronun" istifadəsinin "ilk məlum halı" barədə yazdı. Bununla yanaşı Azərbaycanın İsraildən ''Dəmir Günbəz'' havadan müdafiə kompleksini aldığı məlum oldu.

Hərbi ekspertlər bu komplekslərin Ermənistandakı Rusiya istehsalı olan "İsgəndər" raketlərinə qarşı effektiv olduğunu hesab edir.

Azərbaycaın İsraillə silah alınmasına dair 2 milyard dollarlıq müqavilə imzalaması İkinci Qarabağ müharibəsindən sonra İsraillə Azərbaycan arasında hərbi əməkdaşlığın davamının təsdiqi sayıla bilər.

 

BBC