İyul döyüşlərı tarixi Zəfərimizə yol açdı

12 iyul 2020-ci il tarixində Tovuz rayonunda baş vermiş məlum erməni təxribatının və təcavüzünün qarşısının alınması, düşmənə sarsıdıcı zərbələrin endirilməsi Azərbaycan Ordusunun gü­cünün əyani nümayişi oldu. Həmin gün Ermənistan ordusu Tovuz istiqamətində Azərbaycanın dövlət sərhədlərini, hərbçilərimizin mövqelərini, yaşayış məntəqələrini iriçaplı və uzaqmənzilli toplardan atəşə tutdu. Törədilən qanlı təxribatların qarşısı Ali Baş Komandanın müdrik rəhbərliyi və göstərişi ilə Ordumuzun qəhrəman əsgər və zabitlərinin yüksək sayıqlığı, şücaəti nəticəsində layiqincə alındı.

Döyüş meydanında mənfur düşmən Azərbaycan Ordusunun güclü müqaviməti və əks-həmləsi ilə üzləşdi. Dəqiq, sarsıdıcı zərbələr nəticəsində düşmən başından zərbə aldı.

Müharibədə istər canlı insan, istərsə də texnika itkisi vermədən ötüşmək qeyri-mümkündür. Başda qəhrəman generalımız Polad Həşimov, polkovnik İlqar Mirzəyev olmaqla bir neçə zabit, gizir və əsgərimizin həlak olması çox kədərləndirici olsa da, onların igidliyi və vətənsevərliyi bütün cəmiyyətimiz üçün əsl qəhrəmanlıq nümunəsi oldu. Bu hadisə bir daha göstərdi ki, istər Azərbaycan əsgəri, istərsə də onun yüksəkrütbəli zabitləri məqamı gələndə Vətən uğrunda canını fəda etməyə hazırdır və torpaq uğrunda gözlərini qırpmadan belə şəhidlik zirvəsinə ucalmağı özlərinin müqəddəs borcu bilirlər.

Tovuz döyüşləri Aprel savaşı kimi Ali Baş Komandana ümumxalq məhəbbətinin növbəti təsdiqinə çevrildi və tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin nümunəsi kimi düşdü. Bütün bunların davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan ­İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan xalqının, onun şanlı və rəşadətli ordusunun misilsiz qəhrəmanlığı sayəsində 44 gün davam edən Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirildi və işğalçı Ermənistan məğlubiyyətə uğradı. İşğal altındakı ərazilərimiz düşmən tapdağından azad edildi, dədə-baba torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Bu möhtəşəm tarixi Zəfərimiz ərazi bütövlüyümüzü bərpa etməyimiz, qaniçən ermənilərin və Ermənistanın işğalçılıq siyasətinə son qoyulması ilə başa çatdı.

İyul döyüşlərində qəhrəmancasına həlak olan bütün hərbi qulluqçularımıza Ulu Tanrıdan rəhmət diləyirəm.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı