Kadr bazasının təkmilləşdirilməsi və müasir idarəetmə qaydalarının tətbiqi mühüm islahatların əsas istiqamətlərindəndir

“Bu gün Azərbaycanda aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə şəhərlərin, rayonların və kəndlərin problemləri aradan qaldırılır. Məhz son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri reallaşdırılıb, uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxıb. Eləcə də elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilib. Göründüyü kimi, Azərbaycanda bütün istiqamətlərdə inkişaf edir. Xüsusilə də, mühüm islahatların əsas istiqamətlərindən birini də kadr bazasının təkmilləşdirilməsi, gənclərə etimadın göstərilməsi və idarəçilik sisteminin daha da inkişaf etdirilməsi təşkil edir. Bunu ötən gün Prezident İlham Əliyevin Lerik və Göygöl rayonlarının icra hakimiyyətlərinin başçısının təyinatından da əyani şəkildə görmək mümkündür”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, idarəetmə sahəsində də çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri həyata keçirilir: “Prezident İlham Əliyev təyin etdiyi Masallı, Lerik və Göygöl rayon icra hakimiyyətlərinin başçılarını qəbul edərkən bir daha bildirib ki, qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq. Kiminsə tamahına, şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə salına bilməz. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırılır”.

“Prezident İlham Əliyevin əsas tövsiyələrinən biri də budur ki, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə, verdiyi tövsiyələrə bütün məmurlar əməl etməlidirlər: “Statusundan və vəzifəsindən asılı olmayaraq hər bir kəs insanlarla təmasda olmalı, onların problemləri, qayğıları ilə maraqlanmalı, köməklik etməlidir. Xüsusilə də, 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallığa uyğun olaraq, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına və iştirakçılarına xüsusi diqqət göstərilməlidir. Prezident İlham Əliyevin dediyi kimi hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun”.