Kamaləddin Qafarov: Kəlbəcər, Laçın, eləcə də işğaldan azad edilmiş bütün torpaqlarımız gülüstana çevriləcək!

“Azərbaycan Prezidentinin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Məhz bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır. Digər tərəfdən də, bu səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin göstəricisi kimi çıxış edir. Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər isə iqtisadi əhəmiyyəti ilə bərabər, həm də böyük siyasi önəm kəsb edir. Dövlətimizin başçısı hər belə səfəri zamanı həmin bölgələrə artıq bu torpaqların əsil sahiblərinin qayıtdığı və bu qayıdışın əbədi olduğu barədə bütün dünyaya yeni mesajlar vermiş olur.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına etdikləri tarixi səfər də həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyırdı. K. Qafarovun sözlərinə görə, Ermənistan rəhbərliyinin hələ də Azərbaycanla sülh müqaviləsini imzalamaması, Azərbaycan-Ermənistan sərhəddində təxribatlara yol verilməsi, ara-sıra eşidilən təhdid xarakterli bəyanatlar bunu deməyə əsas verir ki, revanşist əhval-ruhiyəli qüvvələr hələ də Ermənistanda müəyyən mövqelərə sahibdir. Bu qüvvələr özləri ilə bərabər bütün ölkəni və və erməni xalqını yeni fəlakətlərə doğru sürükləməkdə davam edirlər. Əlbəttə, Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır. Lakin əgər Ermənistanın daxilində gedən proseslər hər hansı bir formada Azərbaycanın maraqları ilə ziddiyyət yaradarsa, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hər hansı bir şəkildə təhdid əlamətləri ortaya çıxarsa, o zaman Azərbaycan buna dərhal adekvat reaksiya verəcək.”

Ölkə Prezidenti cənab İlham Əliyev bütün çıxış və müsahibələrində, o cümlədən Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində etdiyi çıxışında da bunu dəfələrlə vurğulayıb. Möhtərəm Prezidentimiz səfər zamanı Basarkeçər-Kəlbəcər yolunda olarkən bu sözləri dedi: “Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşlar. O cümlədən, Zod kəndinin sakinləri də azərbaycanlılar idi, onlar da deportasiyaya məruz qalmışlar.