KƏLAĞAYI TÜRK QADININ İSMƏTİNİN SİNONİMİDİ...

Müsahibimiz  "Kəlağayı əlvan qıyqacı'' adlı şeirlər kitabı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlıdır.

  - Güllü xanım, salam. Mən sizi yaxşı tanıyıram. Bəs Siz özünüzü oxucularımıza necə tanıdardınız?

 - Salam, Elnarə xanım. Gürcüstanda, Rustavi şəhərində doğulmuşam. Soy-kökümüz Qazax rayonundandı - axar-baxarlı, sazlı-sözlü İncə dərəsinin Kəmərli kəndindən. Orta məktəbi Rustavidə oxumuşam. Orada Politexnik Texnikumunda  oxumuşam. Gənc yaşlarımdan Rustavi şəhər nəşriyyatında işləmişəm. Yazılarım, reportajlarım Tiflis radiosunda tez-tez səsləndirilib. “Gürcüstan” qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri olmuşam. Rustavi Azərbaycanlıları Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü, Qadınlar Şurasının üzvü seçilmişəm. Şeirlərim, publisistik yazılarım Vətənimizlə yanaşı Gürcüstanda, Özbəkistanda çap olunub. “Oşik Pari İnjalari” (“Aşıq Pəri inciləri”) şeirlər kitabım Özbəkistanda tanınmış şair və tərcüməçi Dilbər Haydarovanın özbək dilinə tərcüməsində nəşr olunub. “Beləcə qal, nolar, könlüm” şeirlər, “Bir az sazdan, bir az sözdən...” publisistik yazılar kitablarının müəllifiyəm. “Aşıq Pəri inciləri”, “Aşıq Pəri Məclisi”, “Aşıq Pəri  - sazın-sözün zirvəsində” kitablarının tərtibçisiyəm. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin dəstəyi ilə işıq üzü görən “Azərbaycan kəlağayısı - min illərin yadigarı”, “Öz içindən yanan bir ocağam mən”, “Vətən oğulsuz olmasın” və başqa kitablarının redaktoru, tərtibçisi, ön və son sözünün müəllifiyəm. 2015-2022-ci illərdə “Aşıq Pəri Məclisi”nin sədr müavini və bədii rəhbəri olmuşam. Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsini əziz tutaraq “Mirvarid Dilbazı Poeziya Məclisi” Ictimai Birliyini yaratmışam. 2022-ci ilin noyabrında şəxsi “Kəlağayı Ev Muzeyi”nin təməlini qoymuşam. Ailəliyəm, dörd övladım, səkkiz nəvəm var.
 

 - Güllü xanım həsəd aparmalı tərcümeyi-halınız var. Həmişə sizi başınızda və yaxud çiyninizdə kəlağayı ilə müxtəlif tədbirlərdə, festivallarda görmüşəm. Siz üzünüzün nuru ilə kəlağayını gözəlləşdirirsiniz, kəlağayı da sizi. Bir neçə cümlə ilə kəlağayılı Güllü xanımın kəlağayı sevgisinin səbəbini oxuculara da anladırdınız.

 - Kəlağayını ilk dəfə nənəmdə lap körpə vaxtlarımda görmüşəm. Rəngbərəng saplardan nəvələrinə corablar toxuyardı. İki kəlağayısı vardı - qara və noxudu rəngli. Noxudu kəlağayını mənə bağışladı. Xəbərdarlıq etdi ki, nənənin gəlinlik hədiyyəsidi, urvatlı saxla. Uşaq vaxtımdan nənəmin yanında ən çox olan nəvəsi mən idim. Onu çox sevirdim. Mərd qadın idi. Kəlağayının anlamını başa düşməsəm də, nənəmin tapşırığına əməl etməliydim. Beləliklə, kəlağayı mənim üçün müqəddəs baş örtüyünə çevrildi. Əvvəllər başıma örtməyə utanırdım. Günlərin bir günü başıma kəlağayı salıb bir tədbirə getdim. Oradakıların xoşuna gəldi, alqışladılar. Bu alqışlar məndə güvən yaratdı. O vaxtdan hər yerə kəlağayı ilə gedirəm. 
 Həyatımda çox çətinliklər görmüşəm. Kirayələrdə yaşamışıq. Uşaqlarla bir yerdən başqa yerə köçmüşük. Evimizin əşyaları köç vaxtı sınıb, əzilib, yararsız hala düşüb, itib. Ancaq nənəmin mənə etibar etdiyi kəlağayını qorumuşam, kəlağayıya sevgim günü-gündən çoxalıb. Bu sevgimin nəticəsində ilkə imza atdım, şəxsi “Kəlağayı Ev Muzeyi”ini ərsəyə gətirdim.

 -Kəlağayı Türk qadınlarının baş örtüklərinin ən qədimidirmi? Bunu sübut edən mülahizələr, mənbələr, elmi tədqiqatlr, faktlar çoxdurmu?

 - Bəli, çoxdur. Azərbaycan tarixini, mədəniyyətini, adət-ənənələrini, sənətkarlığını dəqiq bilməyənlər kəlağayının 300 il əvvəl yarandığını qeyd edirlər. Bunu bilərəkdən edirlər, yaxud bilməyərəkdən, anlamaq olmur. Bu tarixə, mədəniyyətə biganəlikdir. Ən adi bir fakt. Nizami Gəncəvi 900 il əvvəl yazırdı:

 Sanki bir pəridir, pəri yox, bir Ay,
 Qəhrəman bir qızdır, başda kəlağay.
 

Bu da dəqiq tarix deyil. Azərbaycan milli geyimlərini əks etdirən 2000 il əvvələ aid miniatürlərdə başında kəlağay olan Azərbaycan xanımları təsvir edilmişdir. Qadınların müasir kəlağayılara bənzər baş örtüklərindən istifadəsi eramızdan əvvəl V-VI əsrlərə gedib çıxır, yəni 2600-2700 il əvvələ. İran şahı I Daranın zamanında saray qadınları kəlağayı  bənzər baş örtüyündən istifadə etmişlər. X əsrdə yazılan “Hüdud-əl-aləm” coğrafi traktatında Bərzənd şəhərində baş örtüyünün - kəlağayının əcdadının istehsal olunduğu qeyd edilib. Orta əsrlərdə yaşamış Azərbaycan rəssamlarının çəkdiyi əsərlərdə kəlağayılı qadın təsvirləri çoxdur. Erkən orta əsrlərin rəsm əsərlərində üzərində buta naxışları olan kəlağayılar onu sübut edir ki, kəlağayı Azərbaycan xalqına məxsusdur.

Azərbaycan xanımlarının baş örtüklərinin müxtəlif adları olub - çarqat, çarşab, şal, şəddə, niqab, rubənd, örpək, kəl -ağayı. Çarşab dini geyim forması idi, populyar, uzunömürlü olmayıb. Kəlağayı daha çox milli ruhu yaşadır. Son zamanlar kəlağayını unudulmağa qoymayan Siz olmusunuz.

 - Baş örtüklərinin adları çox olub. Məsələn Azərbaycanın qərb zonasında kəlağayıya çarqat da deyiblər. Nənələrimizin belində və başında şal olub. Şala şəddə də deyilib. Şəddə xovsuz xalça növlərindən biridir. Toxunduğu yerin adı ilə əlaqədardır. Çadra əslində bizim üçün milli deyil, islam dininin gətirdiyi baş örtüyüdür. Rübənd, niqab da yad xalqlardan bizə ötürülüb, ona görə də uzunömürlü olmayıb. Kəlağayı isə milli ruhumuzu, dünyagörüşümüzü, tətbiqi sənətimizi özündə yaşadan mükəmməl sənət əsəridir. Buta Türk xalqlarının ən çox tanınan naxış növüdür. Orta əsrlərdən çox-çox əvvəl milli ornamentimiz kimi müxtəlif ipək parçaların, xalçaların bəzəyidir. Alov dili kimi Odlar yurdunun atributudur. Nağıllarımızda, dastanlarımızda sevgi rəmzi kimi sevənlərə buta verilməsi tez-tez xatırlanıb. Bir maraqlı nüansa toxunum. Buta kəlağayı sənətində milli kimliyimizin təsdiqidir. İlk kəlağayılara vurulan naxışlarda istehsalçı sağ qolunu yumruq halında boyaya saldıqdan sonra kəlağayının üstünə vururdu. Həmin yumruğun izi istehsalçının, bir az obrazlı desək, möhürüydü.  
 

Sualın ikinci hissəsinə gəldikdə, sizi başa düşdüm. Evimizdə yaratdığım şəxsi “Kəlağayı Ev Muzeyi”ni nəzərdə tutursunuz. Muzey yaratmaq ideyam 2019-ci ildə yarandı. Bunun bir səbəbi də kəlağayılarımın sayının 100-ü keçməsi idi. Qərara aldım ki, kəlağayıları sandığın içində, çantalarda saxlamaq günahdı. Dediyim kimi nənəmin yadigarını urvatla saxladım. Yeni kəlağayılar toplamağa başladım. Hədiyyə edənlər çox oldu. Öz vəsaitimlə də aldım. Gözəl kəlağayı görəndə yanından etinasız keçə bilmədim. Kəlağayılar çoxaldıqca ona isti yuva yaratmaq istəyim “Kəlağayı Ev Muzeyi”min yaranmasına səbəb oldu. Evimizin 40 kvadratmetrlik otağını şəxsi “Kəlağayı Ev Muzeyi”nə çevirdim. Muzeyimdə 150-dən çox kəlağayı var. Ən qədiminin 150 yaşı var. Qədim kəlağayılar tapmaq ümidi ilə Azərbaycanı qarış-qarış gəzirəm.

Kəlağayının təbliğatı getdikcə öz bəhrəsini verir. Milli dəyərlərimizə xüsu  önəm verən insanlar çoxdur. Şair, elm adamı, publisist Fəridə Ləman 20 ildən çox sevə-sevə saxladığı kəlağayıları muzeyə hədiyyə edib. Ağdamdan məcburin köçkün Şəhla ana mənimlə tanış olanda başımda kəlağayı görüb düşmənin iyrənc əllərindən canı, qanıyla xilas etdiyi üç kəlağayısının ikisini muzeyə bağışladı. Başqa bir 90 yaşlı nənənin muzeyə ərmağan etdiyi kəlağayının azı 150 yaşı var.

 -Muzeyinizdə qeyri-adi, orijinallığı ilə seçilən, hamının heyrətinə, marağına səbəb olan nadir kəlağayılar varmı?
 
 - Basqallı kəlağayı ustası Abbasəli Talıbov heç kimə satmadığı kəlağayını muzeyə etibar etdi. Abbasəli dayı “Şuşa” kəlağayısı istehsal edib. Həmin kəlağayının rəng çalarları Qarabağ torpağının rənglərini əks etdirir. Kəlağayı üzərində Şuşa qalasının, Zəngəzurun rəmzləri də onun dəyərini göstərir. 
 Muzeyin ən unikal eksponatları içərisində Abbasəli Talıbovun hazırladığı portret kəlağayılar xüsusilə seçilir. Bu, əslində kəlağayı sənətində yenilikdir.  Usta muzeyə hədiyyə etdiyi portret kəlağayılarda Azərbaycan dövlətçiliyinin, ədəbiyyatının, mədəniyyətinin məşhur nümayəndələrinin obrazını yaratmışdır. 

 - Dövlətimizin milli-mənəvi dəyərlərə diqqətinin nəticəsi artıq göz önündədir. Kəlağayının təbliğinə dövlət dəstəyi onu təkcə ölkəmizdə deyil, xaricdə də tanınmasına səbəb olub. Bu sahədə Sizin əməyinizi də qeyd etməmək olmaz. 

 - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın səyi və xidməti nəticəsində 2014-cü il 24-28 noyabr tarixində Parisdə keçirilən sessiyada YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına “Kəlağayı sənəti və simvolizmi - qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması” layihəsi daxil edilmişdir. O vaxtdan 26 noyabr “Azərbaycan Kəlağayısı Günü” kimi qeyd olunur. Sədri olduğum “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə hər il həmin gün silsilə tədbirlər keçiririk. Beynəlxalq Muğam Mərkəzində “Kəlağayı günü” ilə əlaqədar konsert proqramı təşkil edirik. Keçən ilki konsertdən əvvəl Mərkəzin foyesində kəlağayı sərgisində muzeyimizin kəlağayıları nümayiş etdirildi. Mənim tərtib etdiyim və redaktoru olduğum “Azərbaycan kəlağayısı - min illərin yadigarı” kitabı nəşr olundu. Eyni adlı sənədli film çəkildi. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  2022-ci il kiçik qrant müsabiqəsində Elm, Təhsil, Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri üzrə “Azərbaycan kəlağayısı - min illərin yadigarı” layihəmiz qalib elan olundu. 2023-cü ildə də növbəti uğur qazandıq. “Kəlağayi əlvan qıyğacı” layihəmiz bu ilin qalibi oldu. Qarşıda bizi daha ciddi və məsuliyyətli işlər gözləyir.
 Keçən il üç gün Gədəbəydə keçirilən “Milli Yaylaq Festivalı”nda iştirak etdik. “Pasaj-1901” sərgi salonunda iki gün şəxsi “Kəlağayı Ev Muzeyi”nin eksponatlarını sərgilədik.

 Qardaş ölkədə - Türkiyənin Ərzincan şəhərində keçirilən Uluslararası Türk Dünyası Simpoziumunda iştirak etdim. Binali Yildrim Univesiterinin Konqres Mərkəzinin möhtəşəm foyesində, salonlarında çantamdakı kəlağayıları Türk Dünyasının 40-a yaxın ölkəsindən gələn iştirakçılara nümayiş etdirdim. Bu sözün həqiqinə mənasında maraq, təəccüb yaratdı.

 - Bu il 5-11 iyun tarixində II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Kəlağayı Ev Muzeyi”nin işini hamı alqışladı. Bir həftə ərzində müxtəlif ədəbi-bədii tədbirlərdə, panel iclaslarında sizin aktiv iştirakınız, moderatorluğunuz nəzərdən qaça bilməzdi. Kitablarla bərabər milli dəyərimiz kəlağayı da festivalın bəzəyi oldu. 

 - Bu festivala da xüsusi hazırlaşmışdıq. “Dədə Ələsgər Ocağı” da bizə dəstək oldu. Axı mən həmin Ocağın İdarə Heyətinin üzvüyəm. Festivalin təşkilat və informasiya  dəstəkçilərindən bir də biz idik. Xarici qonaqlara diqqət yetirməliydik ki, Vətənimizdən xoş təəssüratlarla ayrılsınlar. Bunun üçün əlimizdən gələni etməliydik. 

 Iyunun 6-da festivalda mənim moderatorluğumla “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin, “Kəlağayı Ev Muzeyi”nin, Dədə Ələsgər Ocağı” İctimai Birliyinin, “Dədə Şəmşir Ocağı”nın üzvləri konsert proqramı ilə çıxış etdilər. Bu konsertdə də səhnəyə çıxanların başını və çiyinlərini kəlağayılar bəzəyirdi. “Səma” rəqs ansamblının gözəl rəqqasə qızlarının başındakı və əllərindəki kəlağayılar havada dalğalandıqca Elmlər Akademiyası parkında gözəl mənzərə yaranmışdı. Aşiq Gözəl Kəlbəcərlinin mənim “Kəlağayı” şeirimə bəstələdiyi, böyük şövqlə ifa etdiyi mahnıdan tamaşaçılar zövq aldılar. Onu qeyd edim ki, bizim kəlağayını təbliğimizin nəticələri sevindiricidir. Belə ki, son bir ildə 4-5 kəlağayını vəsf edən yeni mahnılar bəstələnib, 50-dən çox “Kəlağayı” şeiri yazılıb.
 

Festival günlərində Basqaldan gələn kəlağayı ustası Abbasəli Talıbovun yaratdığı mükəmməl sənət nümunələrinin - kəlağayıların sərgisi və satışı təşkil edildi. Həmin yerdə ziyarətçilərin sıxlığından qürur duydum. İnandım ki, kəlağayıya olan maraq azalmayıb, əksinə, artıb. Kitablarımın imza gününə gələnlərin “Azərbaycan kəlağayısı - min illərin yadigarı” kitabına marağı da məndə xoş əhval yaratdı. Gələn xanımların başına kəlağayı örtüb mənimlə şəkil çəkdirmək üçün növbədə dayanması bir ayrı aləm idi.

-Sizi tanıyandan həmişə harasa tələsən görmüşəm. Həmişə hərəkətdə, fəaliyyətdəsiniz. Mənə elə gəlir ki, Azərbaycanda ən fəal ictimai xanımlardansınız. Bir gündə 4-5 tədbirdə sizi görmək olar. Televiziya çəkilişləri, müsahibələr, “Kəlağayı Ev Muzeyi”nə gələnləri qarşılamaq, söhbət etmək, yola salmaq üç - ün enerji bolluğu lazımdı. Həm də sinədəftərsiniz, çoxlu şeirləri əzbər bilirsiniz və xüsusi intonasiya ilə səsləndirirsiniz. Gördüyünüz hər işi həvəslə, motivasiya ilə edirsiniz, canınızı verirsiniz. Yorulmursunuz?

 - Yox, qətiyyən. İnsan sevdiyi işi ilə məşğul olanda yorulmur, rahatlanır, zövq alır. İşin müsbət nəticəsini görəndə isə gücünə güc gəlir, ikiqat güclənir. Daha çox uğurlar əldə etmək istəyir. Ətrafındakı səni sevənlərin alqışlarını, uğurlarına sevincini görəndə yorğunluq yaddan çıxır.
 Bilirəm, sinədəftər sözünü təsadüfən işlətmədiniz. II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Azərbaycan-Türkiyə dostluğu panelində Bəxtiyar Vahabzadənin və Dərviş Osman Əhmədoğlunun şeirlərini səsləndirməyimi deyirsiniz. Hər ikisi mənim çox sevdiyim şairlərdir. Arzusunda olduğumuz böyük Türkçülüyün, Turançılığın, Azərbaycançılıq ideyasının daşıyıcıları, tərənnümçüsüdürlər.

 - Kəlağayı barədə sizin və bizim bilmədiyimiz nəsə varmı?

 - Əlbəttə, var. Özü də çox şey. Mənə belə qənaətə gəlmişəm ki, kəlağayının özü və sənəti elmdir, hələ çox öyrənilməli, tədqiq və təbiğ olunmalıdır. Mən muzeyi yaratmamışdan əvvəl kəlağayı sənətinin tarixini, incəliklərini öyrənməyə çalışmışam. İndi də hər gün kəlağayı haqqında nəsə yeni bir bilgi öyrənirəm. Nəyi bildiyinizi, nəyi bilmədiyinizi, yaxud bilmək istədiyinizi Siz daha yaxşı bilirsiniz. Onu dəqiq bilirəm ki, bizim xanımların çoxu bilmir ki, qədim zamanlardan ipək, pambıq və yun parçalar müalicə əhəmiyyətinə malikdir. İpəkdən hazırlanan kəlağayılar boyun və baş ağrıarını aradan qaldırır. Miqren və osteoxondroz kimi xəstəliklərin müalicəsində mühüm rol oynayır.

 Qadınlar kəlağayının yuyulma qaydalarını da dəqiq bilmirlər. Həddən artıq isti suda ətirli şampun və sabunla yuyulan kəlağayıların rəngi qarışır, gözəlliyini itirir. İlıq suda 72 faizli paltar sabununu tam həll etmək, suyun üzərindəki köpüyü yığmaq, sonra kəlağayını ehmalca həmin məhlula salıb yüngülcə yumaq, axar suda yaxalayıb sərmək lazımdır. Belə yuyulan kəlağayıların parçası korlanmır, rəngi bulanmır.
 Ipək kəlağayıların parçasının təmizliyini yoxlamaq üçün üzükdən keçirirlər. Kəlağayı üzüyün ortasından rahat keçərsə, bu parçanın təmizliyini göstərir.

 - Bir neçə cümlə də planlaşdırdığınız gələcək işlərdən danışardınız.

 - Gələcək planlar deyəndə hər gün gün beynimə yeni ideya gələ bilər. Ağlabatandırsa, onun reallığa çevrilməsini qarşıma məqsəd qoyuram. Unutmayaq ki, nənələrin sandığındakı kəlağayıları bu gün işığa çıxarmışıqsa, sabahlara ötürməliyik. Bu bizim ən ümdə borcumuzdu. Mən bu borcu yerinə yetirirəm. Bundan vacib iş tanımıram.
 
 - Dəyərli vaxtınızı ayırıb bizimlə söhbətləşdiyiniz üçün təşəkkür edirəm, Güllü xanım. Çox dəyərli məlumatlar əldə etdim. Siz kəlağayı sənətinin yaşadırsınız. Sizə o vacib və şərəfli işinizdə uğurlar arzulayıram.

 - Siz sağ olun, Elnarə xanım. Mənim işimə, fəaliyyətimə diqqət ayırdığınız üçün təşəkkür edirəm. Siz də çox gərəkli işlə məşğulsunuz. İnsanların zəkasını işıqlandırmaq, bilgiləndirmək, maarifləndirmək həmişə, bütün zamanlarda çox vacib işdir. Sizə də uğurlar.

 Elnarə Həziyeva