Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni dərəcədə cavabdehdir

«Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən amillər sırasında kompleks tədbirlərin həyata keçirilməsi əsasdır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkəmizin hər bir çətinlikdən uğurla, az itki ilə çıxmasını şərtləndirir.  Bu siyasətin təməli isə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi  bugünümüz üçün möhkəm təməlin yaradılmasında əsas rol oynadı.  Həmçinin  onun böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərindən səmərəli istifadəni təmin edir, dövlətin siyasətinin əsas prioritetlərini müəyyənləşdirir. Fonda toplanan vəsaitlər  hesabına həyata keçirilən mühüm sosial-iqtisadi  layihələr ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildə «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürdü və bu hədəfi də açıqladı ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bunun üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin zəruriliyi məsələsi gündəmə gətirilərək Regional inkişaf proqramı təsdiqləndi və ilk sənədin uğurlu icrası növbəti Dövlət proqramlarının qəbuluna yol açdı.»

Bu fikirləri  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Ziyafət Əsgərov qeyd edib ki, dövlət başçısı İlham Əliyev  keçirilən müşavirələrdə, həmçinin  rayonlara yeni təyin olunmuş icra başçıları ilə görüşlərində  regional inkişaf proqramlarının icrasının Azərbaycanın qarşısında açdığı imkanlardan geniş bəhs edərək əsas diqqəti məmur-vətəndaş münasibətlərinə yönəldir: «Ölkə Prezidenti iyulun 25-də  Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən  bir daha  bu müraciəti etdi ki, daim insanlarla təmasda olmalısınız.  Kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlisiniz.  Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.»

Komitə sədri onu da əlavə edib ki, dövlət  başçısı sözügedən  görüşdə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək  ölkəmizdə  böyük sahibkarlar sinfinin yaranmasına səbəb olan amilləri diqqətə çatdırıb: «Artıq son illər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı dövlət siyasətinin prioritet istiqaməti kimi öndədir. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq  rayonlar arasında  ixtisaslaşma həyata  keçirildi və kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafında xidmət edən Dövlət proqramları təsdiqləndi. Bölgələrdə  Prezident  İlham Əliyevin iştirakı ilə keçirilən müşavirələrdə Azərbaycanın aqrar sektorun inkişafında böyük imkanlara malik olduğu  qeyd edilir. Məlum görüşdə də dövlət başçısı İlham Əliyev bu sahəyə xüsusi diqqət göstərdi. Belə ki, Masallı, Lerik və Göygöl rayonlarında  kənd təsərrüfatının inkişafı üçün  çox gözəl imkanların olduğunu bildirən cənab İlham Əliyev qeyd etmişdir ki, burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir. Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir.»

Ziyafət Əsgərov qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaqda  ölkəmizdə aparılan köklü islahatların böyük rolu olduğunu bildirib: «Ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları  Azərbaycanın uğurlu siyasətinin  məqsəd və məramını göstərir. Gənclərin dövlət idarəçiliyindən irəli çəkilməsi ulu öndər Heydər Əliyevin gənclər siyasətinin uğurlu davamının göstəricisidir. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı xüsusi  yer tutub. Gənclərin keçmiş ittifaqın ən nüfuzlu ali  məktəblərinə təhsil almağa göndərilməsi Azərbaycanın müstəqil gələcəyinə xidmət edən addımları sırasında idi. Ümummilli Liderin hakimiyyətinin ikinci dövründə gənclərin idarəçilikdə irəli çəkilməsi prioritet  oldu.  Son 18 ildən artıq dövrdə dövlət başçısı İlham Əliyev gənclərin dinamizmi ilə yaşlıların təcrübəsinin vəhdətinin yaradılması əsas vəzifə kimi qarşıya qoyub. Yeni təyinatlarda gənclərin çoxluq təşkil etməsi diqqətdən kənarda qalmır. Prezident İlham Əliyevin yeni təyin edilmiş icra başçılarından  əsas tələbi insanlarla daim  təmasda olmaq,  narahatlıq yaradan  problemlərin yerindəcə həllini təmin etməkdir. İşinə məsuliyyətlə yanaşmayan bütün məmurlara qanunlara əməl etmələrini xəbərdarlıq kimi tapşıran dövlət başçısı  onu da bildirir  ki, heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir.  Əks təqdirdə onlar cəzalandırılacaq və artıq görülən işlər bunu bir daha  təsdiqləyir.»

Komitə sədri bir daha bildirib ki, atılan hər bir addım, dövlət başçısı İlham Əliyevin məmurların qarşısında qoyduğu hər bir tələb, səsləndirdiyi çağırış bir məqsədə xidmət edir: Azərbaycan daha da qüdrətlənsin, xalqımız rifah şəraitində yaşasın. İnsan amili dövlət siyasətinin əsasını təşkil edir. Məmur-vətəndaş münasibətlərinin  yüksək səviyyədə tənzimlənməsi ölkənin dayanıqlı inkişafının təmin olunmasında, həmçinin vətəndaş məmnunluğunun artırılmasında əhəmiyyətli rola malikdir.