Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bu ölkədə yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşlarının, həmçinin ölkə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə paytaxt Əl-Küveyt şəhərindəki “Marina” otelində bayram tədbiri keçirilib.
Tədbir iştirakçıları Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini anıblar.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaradıcısı ümummilli lider Heydər Əliyevin xidmətləri barədə ətraflı məlumat verilib. Natiqlər qeyd ediblər ki, ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi gün xarici ölkələrdə yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edilir.
Tədbir iştirakçılarına xalqımızın möhkəm həmrəylik şəraitində qazandığı böyük nailiyyətlər haqqında ətraflı məlumat verilib. Çıxış edənlər vurğulayıblar ki, 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimiz misilsiz cəsarət nümunəsi göstərərək yeni bir Qələbə dastanı yazıblar.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Küveyt mətbuatında da geniş işıqlandırılıb. Belə ki, böyük oxucu auditoriyasına malik “Əl-Jareeda” və “Əl-Nahar”, “Əl-Vasat”, “Əl-Ənbə”, “Əl-Ray” qəzetlərində, həmçinin “Bobiannews” və “Dasmannews” elektron xəbər portallarında "Azərbaycan səfirliyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edir", "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" sərlövhələri ilə materiallar dərc edilib. Yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hər il dünya azərbaycanlılarına təbrik ünvanladığı qeyd olunub.